Rusiya Ukraynada hərbi əməliyyatlara başlayaraq qərbin sanksiyaları ilə üzləşib. Sanksiyaların qarşısını almaq üçün Rusiya zəif nöqtlələrdən istifadə etməyə çalışır. Avropa ölkələri və Rusiya arasında isə bir zəif nöqtə var: Qaz və neft. Aİ ölkələri Rusiya qazının əsas alıcılarıdır. İki tərəf arasında iqtisadi əlaqələr bu günə qədər avro ilə aparılıb. Sanksiyalar nəticəsində zəifləməyə başlayan Rusiya iqtisadiyyatının dirçəldilməsi üçün rublun gücləndirilməsi prosesinə qədəm qoyulub. Bu məqsədlə qaz alan ölkələrin ödənişi rublla etməsi tələb edilib. Qarşı tərəf isə ödənişin bu formada həyata keçirilməsinə qarşı çıxıb.
Niderlandın “GasTerra” şirkəti mavi yanacağa görə ödənişi rublla həyata keçirməkdən imtina edib. Buna cavab olaraq Mayın 31-i Rusiyanın “Qazprom Export” şirkətə xəbərdarlıq göndərib. Niderland şirkətinin aprel ayı üzrə ödənişi etmədiyinə görə, şirkətə qaz tədarükünün dayandırılacağı qeyd olunub. Həmçinin Danimarkanın enerji şirkəti “Oersted” də bəyan edib ki, rublla ödənişdən imtina etdiyi üçün Rusiya qazından məhrum ola bilər. Qeyd edək ki, aprelin 27-dən etibarən Polşa və Bolqarıstana Rusiya qazının tədarükü dayandırılıb.
Hazırda Avropa və Rusiya arasında qaz razılığının olub-olmayacağı gündəmdədir. Məsələ ilə bağlı Ednews-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Rusiya iqtisadi cəhətdən çöküşdə olsa da, hələ 5 il ayaqda dura biləcək:
“ABŞ Rusiyanı çökdürməyi hədəfləyib. Qərb Moskvanın resurslarını bitirərək onu məhv etmək istəyir. Bu məqsədlə ABŞ Avropa ölkələrindən istifadə edir. Həmin Avropa dövlətləri də qaz tədarükündə Rusiyadan asılıdır. Kreml də bunu çox yaxşı anlayır. Ona görə də, iqtisadi geriliyi aradan qaldırmaq üçün rublun gücləndirilməsini hədəfləyib. Bu məqsədlə qazı Avropaya rublla satacağına dair tələb irəli sürüb. Rusiyadan qaz alan Avropa ölkələri bu təkliflə qəti şəkildə razılaşmırlar. Moskva da cavab olaraq bir neçə dövlətin qazını kəsib. Niderland, Danimarka ABŞ-dən böyük dəstək alaraq Rusiyaya müqavimət göstərməyə çalışırlar. Onlar ABŞ-a arxalanaraq rublla ödənişdən imtina edirlər. Rusiya bu addımı cavabsız qoymayacaq. Həmin dövlətlərə gedən qazı kəsərək onları cəzalandıracaq. Bu, həmçinin Rusiya iqtisadiyyatına böyük zərbədir. Lakin bu proses uzun çəkməyəcək. Avropa dövlətləri Rusiyadan gələn qazı əvəz edə bilmədikdə masaya oturmağa məcbur olacaqlar”.
Xanlar Əlibəy