ABŞ Ukraynaya M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS) verəcək.
Ednews “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
“Bu sistemlər ukraynalılar tərəfindən Rusiyanın Ukrayna ərazisindəki irəliləyişlərini dəf etmək üçün istifadə olunacaq. Onlar Rusiya ərazisindəki hədəflərdə istifadə edilməyəcək”, - o jurnalistlərə bildirib.
Co Bayden “New York Times” qəzetində yayımlanan məqaləsində ABŞ-nin ukraynalıları Ukraynadakı döyüş meydanında əsas hədəfləri daha dəqiq vurmağa imkan verəcək daha təkmil raket sistemləri və döyüş sursatları ilə təmin edəcəyini qeyd edib.
“Biz Ukraynanı qabaqcıl silahlarla, o cümlədən “Stinger” zenit və “Javelin” tank əleyhinə raketləri, güclü artilleriya və dəqiq raket sistemləri, radarlar, pilotsuz uçuş aparatları, Mi-17 helikopterləri və döyüş sursatları ilə təmin etməyə davam edəcəyik”, - Bayden əlavə edib.
Mirvari Əzizova