“Qlendeyl şəhərinin meri kimi mən Qlendeyl ilə “Artsax”ın (Qarabağdakı qondarma rejim) Xocavənd şəhəri arasında simvolik əlaqə yaratmaq qərarına gəldim”.
Ednews ermənilərə məxsus “KarabakhRecords” Telegram kanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərinin meri Artaşes Kasaxyan bildirib.
O, qeyd edib ki, qardaş şəhərlər statusunun yaradılmasından sonra da əməli addımlar atılacaq: xüsusilə, iki şəhərin formalaşma mərkəzləri arasında əlaqələr inkişaf etdiriləcək.
Xatırladaq ki, Qlendeyldə çoxlu sayda erməni yaşayır və bu, erməni əsilli yeganə mer deyil. 2014-cü ildə erməni Zare Sinanyan şəhər meri vəzifəsinə seçilib. Paşinyanın fərmanı ilə Sinanyan diasporla iş üzrə ali komissar təyin edilib.
Yeri gəlmişkən, 2018-ci il sentyabrında ABŞ-ın Kaliforniya ştatının senatoru Entoni Portantino, Qlendeyl şəhərin o vaxtkı meri Zare Sinanyan və Qlendeyl şəhərinin hazırkı meri Artaşes Kasaxyan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilir.