“Ter-Petrosyanın mətbuat konfransından üç gün sonra Rusiyanın xarici işlər naziri Primakov ABŞ dövlət katibinin müavini ilə görüşür və xəbərdarlıq edir ki, Ter-Petrosyan cəsarətli mövqeyinə görə ciddi tənqidlərə məruz qalıb və ona dəstək verilməlidir. Bölgəni yaxşı tanıyan Primakov vurğulayır ki, gec-tez Dağlıq Qarabağa təzyiq etmək lazım gələcək.
Vasitəçilər Xankəndini necə razı salmağı müzakirə etməyə başlayırlar. Fransa prezidenti Şirak oktyabrda Strasburqda Ermənistan prezidenti ilə görüşərək baş nazir Köçəryanı və digər nüfuzlu Qarabağ ermənilərini Parisə dəvət etməyi təklif edir”.
Ednews xəbər verir ki, bu fikirlər Dövlət Departamentinin məxfilikdən çıxarılan sənədlərində yer alıb.
Sənədə əsasən Fransa xarici işlər nazirinin müavini ABŞ dövlət katibinin müavininə belə təklif irəli sürüb:
“Məqsəd təzyiq etməkdir ki, razılığa gəlsinlər. Sonra Köçəryanı Moskvaya, daha sonra Nyu-Yorka dəvət etmək olar, orada da ona eyni şeylər deyiləcək”.
Lakin plan heç bir nəticə vermir. Köçəryanın səfərindən sonra Fransa xarici işlər nazirinin müavini Vaşinqtona gizli teleqram göndərib:
“Biz Köçəryanın mövqeyində real dəyişikliyə nail ola bilməmişik və danışıqlara başlamaq üçün real perspektiv görmürük”.