“Wall Street Journal” – ın amerikalı jurnalisti Evan Qerşkoviç Rusiyanın Yekaterenburq şəhərində fəaliyyət göstərərkən casusluqla ittiham olunub. Rusiyanın FSB təhlükəsizlik xidməti jurnalistin ABŞ-ın göstərişi əsasında “Rusiya müdafiə müəssisəsinin fəaliyyəti ilə bağlı dövlət sirri sayılan məlumatları toplaması” iddiası ilə saxlanıldığını açıqlayıb.
O, mayın 29-a qədər olan müddəti həbsxanada keçirəcək.
Ağ Ev isə onun həbsini “ən sərt şəkildə” pisləyib. ABŞ dövlət katibi Entoni Blinken də Wall Street Journal-a verdiyi açıqlamada həbsdən narahat olduğunu bildirib. ABŞ rəsmiləri bildiriblər ki, onlar dərhal cənab Gerşkoviçlə əlaqə saxlamağa çalışıblar, lakin heç bir cavab ala bilməyiblər.
Rusiyalı siyasi ekspert Tatyana Stanovaya deyib ki, cənab Gerşkoviçin saxlanmasına təəccüblənib. FSB-nin casusluğa nöqteyi-nəzərincə, "məlumat toplamaq" sadəcə ekspertlərdən şərh toplamaq deməkdir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Wall Street Journal əməkdaşının Yekaterinburqda etdiklərinin “jurnalistika ilə heç bir əlaqəsi olmadığını” bildirib.
Qeyd edək ki, hazırda bir neçə ABŞ vətəndaşı Rusiyada saxlanılır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yerli xəbər agentliklərinə bildirib ki, saxlanılanların mübadiləsini müzakirə etmək hələ tezdir.
Xatırladaq ki, Rusiyada casusluq üçün maksimum 20 il həbs cəzası nəzərdə tutulur.
Əkbər Şəbəndəyev