Rəsmi Vaşinqton Bakı və İrəvandan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini ən yaxşı şəkildə qorumağı xahiş edib.
Ednews xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin rəsmisi "Azadlıq radiosu"nun "Vaşinqtonda Qarabağla bağlı məsələlər müzakirə olunurmu?" sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, artıq iki gündür ABŞ-ın paytaxtında Azərbaycan-Ermənistan danışıqları gedir.
Departamentin nümayəndəsi deyib ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanla Ermənistan arasında münaqişədə əsas məsələ olub.
"Çox sayda insanın həyatına son qoyan və uzun müddət davam edən münaqişənin davamlı həllini tapmağın yeganə yolu bu insanların nəhayət öz evlərində özlərini təhlükəsiz hiss etmələri və hüquqlarının qorunmasıdır" deyə rəsmi qeyd edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar sülhün əsasını qoya biləcək uzunmüddətli sabit razılaşmanı dəstəkləyir.
Eyni zamanda, Departamentin nümayəndəsi vurğulayıb ki, münasibətlərin tənzimlənməsinə dair sazişin həcmi, xarakteri və məzmunu tərəflər tərəfindən müəyyən edilməlidir:
“Vaşinqton Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini qəbul etməkdən şərəf duyur. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhsevər gələcəyin təşviqinə sadiqdir. Tərəflər arasında birbaşa dialoq davamlı sülhə nail olmaq və problemlərin həlli üçün açardır".