Dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə yüksəlib.
Ednews Euronews-a istinadən xəbər verir ki, dünyada məcburi köçkünlərin sayı 110 milyon nəfərə çatıb.
Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi açıqlayıb. O bildirib ki, Ukrayna və Sudandakı vəziyyət nəticəsində milyonlarla insan evini tərk etməyə məcbur olub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı hesabatda qeyd edilib ki, 2022-ci ilin sonunda məcburi köçkünləri sayı təxminən 19 milyon artaraq 108,4 milyona yüksəlib. Bu indiyədək qeyd edilən ən böyük illik artımdır.
Qrandi bildirib ki, ötən ilki rəqəm Sudan böhranından sonra 110 milyona çatıb.
"Bu məsələ ilə bağlı həll yolları tapmaq getdikcə çətinləşir. Qütbləşmiş bir dünyadayıq. Bütün qaçqınların və humanitar yardıma ehtiyacı olan insanların təxminən yarısı yalnız 3 ölkədəndir: Suriya, Ukrayna və Əfqanıstan. Bu insanlar iqtisadi böhran, təqib, ayrı-seçkilik, zorakılıq və təcavüzlərlə üz-üzədir”.
Qandi vurğulayıb ki, 1951-ci ildə Qaçqınların Statusuna dair Konvensiyanı imzalamış ölkələr indi onun prinsiplərinə əməl etməkdən boyun qaçırır.
Bununla belə, o, miqrantlarla bağlı Aİ ölkələri nazirlərinin əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib.
Törə Zeynal