Rusiya prezidenti Vladimir Putinin dostu Arkadi Rotenberq Kremlin sahibinin qızına Alp dağlarında ev alıb.
Ednews xəbər verir ki, bu barədə informasiya Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzinin (OCCRP) araşdırmasında yer alıb.
Mənbə yazır ki, Avstriyanın Kitzbühel dağ-xizək kurortunda dəbdəbəli kottecin yaxınlığında Mariya Vorontsova (Putinin böyük qızı - red.), həmçinin prezidentin özü dəfələrlə görüntülənib. Düzdür, sanksiyalara görə artıq ailədən heç kim ora gedə bilmir.
Jurnalistlər qeyd edirlər ki, 11 milyon avro qiyməti olan dağ evi hələ 2013-cü ildə Kiprin "Wayblue Investments" şirkəti tərəfindən alınıb.
Pul Putinin dostu Arkadi Rotenberqə məxsus olan Kiprin "Olpon Investments" şirkəti tərəfindən verilib.
O, lazımi məbləği özünün Latviyada yerləşən "SMP Bankı"na ötürüb, bank isə ev almaq üçün "Wayblue Investments" şirkətinə kredit verib.
Qeyd edək ki, Arkadi Romanoviç Rotenberq rusiyalı iş adamı, milyarderdir, Rusiyanın əməkdar məşqçisi və əməkdar bədən tərbiyəsi işçisidir. O, Putinin yaxın dostu hesab olunur. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və bir sıra digər ölkələrin beynəlxalq sanksiyaları ona da tətbiq edilib.