Sankt-Peterburq polisi dekabrın 31-i axşam və yanvarın 1-nə keçən gecə miqrantların kütləvi saxlanmasını həyata keçirib.
Ednews xəbər verir ki, bu barədə “Novaya Qazeta Yevropa” Daxili İşlər Nazirliyinin Ekstremizmlə mübarizə üzrə Baş İdarəsindəki mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, saxlanılmalar “Əzəmət” əməliyyatı çərçivəsində həyata keçirilib. Miqrantlar həm Sankt-Peterburq küçələrində, həm də yaşadıqları mənzillərdə və yataqxanalarda saxlanılıb. Əməliyyat zamanı polis reyd keçirdikləri əraziləri mühasirəyə alıb. Nəşr iddia edib ki, polis Şaxta baba və Qar qız geyimində kordondan keçməyə çalışan təxminən 30 nəfərdən ibarət bir qrupu yaxalayıb.
Şəhərin “Fontanka” nəşrinin məlumatına görə, polis üç minə yaxın adamı saxlayıb. “Novaya qazeta Yevropa” yazıb ki, tutulanların sayı “daha çoxdur”: kişilərlə yanaşı qadınlar və uşaqlar da yaxalanıb. Saxlanılan kişilər polis şöbələrinə, qadınlar və uşaqlar isə Krasnoye Selodakı xüsusi təcridxanaya yerləşdirilib.