“YouTube” internet video platforması İranın Xarici İşlər Nazirliyi tərəfindən idarə olunan hesabı silib.
Ednews "İRNA" agentliyinə istinadən xəbər verir ki, bunu etdiyini təsdiqləyən platforma səbəb kimi ABŞ-nin İrana qarşı sanksiyalarını əsas gətirib.
“YouTube”-un sözçüsü Alzbeta Houzarova verdiyi açıqlamada bildirib ki, “Google” tətbiq olunan sanksiyalara və ticarət uyğunluğu qanunlarına əməl etməyə sadiqdir:
“Xidmət şərtlərimizə uyğun olaraq müvafiq siyasət tətbiq edilib. Hər hansı hesabın şərtlərimizi pozduğunu aşkarlayanda, tədbir görürük”, – o deyib.
İranın rəsmi İRNA xəbər agentliyi bildirib ki, XİN İsrailin Qəzza zolağında ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı elan edilmiş HƏMAS-a qarşı müharibə fonunda fələstinlilərə dəstək üçün ingilis dilində video yayımlayıb. Hesab həmin videonun yayımlanmasından sonra silinib.
Əkbər Novruz