Çinin Sahil Mühafizə Xidmətinə məxsus 4 patrul gəmisi bazar günü mübahisəli Senkaku adaları ərazisində Yaponiyanın ərazi sularına daxil olub.
Bu barədə Yaponiyanın dənizdə təhlükəsizlik xidməti məlumat yayıb.
Yaponiya tərəfinin ərazini tərk etmək barədə xəbərdarlığına baxmayaraq, gəmilər saat yarıma yaxın sözügedən ərazi sularında qalıblar. Hazırda onlar yaxın ərazilərdədir. Yaponiyanın dənizdə təhlükəsizlik xidməti vəziyyəti nəzarətdə saxlayır.
Qeyd edək ki, sonuncu dəfə Çin gəmiləri Yaponiyanın ərazi sularına 21 avqustda daxil olublar. Senkaku (Dyaoyuydao) adası Yaponiya və Çin arasında mübahisə predmetidir. Yaponiya adanın 1985-ci ildən idarəetməsində olduğunu bildirir. Pekin isə bəyan edir ki, 1783 və 1785-ci illərdə Yaponiyanın xəritələrində bu ada Çin ərazisi kimi əksini tapıb.