İsrail ordusunun Qolan Təpələrində Suriya rejiminə aid bəzi hərbi hədəfləri vurduğu bildirilib.
"Eurasia Diary" xəbər verir ki, İsrail ordusunun sözçüsü Avichay Adraee verdiyi yazılı açıqlamada bildirib ki, Qolan Təpələrinin şimalına Suriya tərəfindən raket atılmasına cavab olaraq, Qolan Təpələrində Suriya rejim qüvvələrinə məxsus döyüş toplarının vurulduğunu qeyd edib.
Hücum nəticəsində canlı qüvvədən heç bir itki olmayıb.
Adraeenin bəyanatında həmçinin bildirilir ki, İsrail ordusu dövlətin suverenliyinə zərər verməyə və xalqının təhlükəsizliyini təhdid etməyə yönəldilmiş hər hansı bir təşəbbüs qarşısında tolerant olmayacaq.
Qolan Təpələrində daha əvvəl də Suriyada gedən vətəndaş müharibəsinə görə bənzər hallar olub, İsrail də müxtəlif formalarda cavab verib.
Xatırladaq ki, Suriyanın cənub-qərbində İsrailin isə şimal-şərqində yerləşən təpəlik regionun zəngin su mənbələri ilə tanınır. Bölgə, 1967-ci ildə Suriya, İordaniya və Misirdən olan Ərəb İttifaqı ilə İsrail arasında gedən "Altı Gün Müharibə" nəticəsində İsrail tərəfindən işğal edilib. Qolan Təpələri 1981-ci ildə Təl-Əviv rəhbərliyi tərəfindən tək tərəfli olaraq ilhaq edilib.