Şimali Karolinanın ən iri şəhəri Şarlotda yenə kütləvi aksiya olub. Yüzlərlə adam polis zabitlərinin qaradərili vətəndaşlara atəş açmasına etirazını bildirmək üçün küçələrə çıxıb, polislə toqquşublar. Şimali Karolinanın qubernatoru şəhərdə fövqəladə vəziyyət elan edib, milli mühafizə və polis qüvvələrini qayda-qanunu bərpa etməyə çağırıb.
Sentyabrın 20-də daha bir qaradərili vətəndaş polis tərəfindən güllələnib. Polis vətəndaşın silahlı olduğunu və xəbərdarlıqlara məhəl qoymadığını bildirir. Zərərçəkənin ailəsi ittihamı rədd edir. Polisin silahsız şəxsə atəş açdığını göstərən daha bir videonun yayımlanması ölkədə irqi ayrı-seçkilik, polisin vətəndaşla münasibət barədə ciddi suallar yaradıb. Bir neçə ştatda aksiyalar olub. Sentyabrın 21-də baş verən toqquşmalarda bir nəfər ağır yaralanıb. Sentyabrın 20-də isə aksiyaçılar yanğınlar törədib, polisə daş atıb, yolları bağlayıblar. Toqquşmalarda 16 polis əməkdaşı yaralanıb.