"Eurasia diary" BBC-yə istinadən məlumat verir ki, Şimali Koreyanın orta mənzilli ballistik raketinin sınaq buraxılışı cəhdi uğursuz olub. Bu barədə ABŞ və Cənubi Koreya ordularının rəsmiləri də təsdiqləyiblər.
ABŞ-ın strateji komandanlığı bildirib ki, raketi Kusonaq şəhəri yaxınlığındakı meydandan buraxmağa səy göstərilib. ABŞ kəşfiyyatının məlumatına görə, rəsmi Pxenyan yerli istehsal olan "Musudan" adlı raketi sınaqdan çıxarmağa cəhd edib. Əvvəllər də şimali koreyalılar bu raketi bir neçə dəfə sınaqdan çıxarmağa cəhd etsələr də, bütün səylər uğursuz olub. Cənubi Koreyanın məlumatına görə, raket havada partlayıb.
Belə ki, rəsmi Seul şimallı qonşularının bu hərəkətini "təxribat" adlandıraraq pisləyib. Yaponiya isə raket buraxılışı ilə əlaqədar Şimali Koreyaya rəsmi etiraz notası verəcəyini bildirib.
Qeyd edək ki, verilən məlumata görə, , "Musudan" Şimali Koreyanın şimal-şərqində yerləşən, raketin buraxıldığı kəndin şərəfinə adlanıb. O, 3-4 min km uzaqlıqda yerləşən hədəfi vura bilir.