Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan arasında Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi çərçivəsində gömrük prosedurlarının asanlaşdırılmasını təsdiqləyən qanun qəbul edib. Qeyd edək ki, bu ticarət dəmir yolunun hər üç ölkə üçün xüsusi əhəmiyyəti var.
Türkiyə prezidenti tərəfindən qəbul olunan qanun Azərbaycan iqtisadiyyatnı necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Ednews-a danışan iqtisadi ekspert Eyyub Kərimli bildirib ki, gömrük prosesinin asanlaşdırılması məhsulların maya dəyərinin düşməsinə və beləcə də qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq:
“Ümumiyyətlə, 2021-ci ildə Türkiyə ilə ölkəmiz arasında ticarət müqaviləsi bağlanmışdı. Bu müqaviləyə əsasən, ölkələr arasında ticarət dövriyyəsi 15 milyard dollara qədər artırılması nəzərdə tutulub. Buraya həmçinin müxtəlif sahələr üzrə əməkdaşlıq və loqistika üzrə fəaliyyətin inkişafı da aiddir.
Bu, həm də tranzit və nəqliyyat prosesinin sürətləndirilməsi və xidmət keyfiyyətinin artırılması da aiddir. Bundan əlavə, sərhəddə gömrük işlərinin sadələşdirilməsi üçün aparılan fəaliyyət xüsusi əhəmiyyət daşıyıb. Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı gümrük prosedurlarının asanlaşdırılmasına və məhsulların maya dəyərinin ucuzlaşmasına səbəb olacaq. Təbii ki, bu da öz növbəsində ölkələr arasında ticarət dövriyyəsinin artmasına və qiymətlərin aşağı düşməsinə şərait yaradacaq. Türkiyə ilə Azərbaycan arasında böyük ticarət potensialı var ki, bundan sonra bu potensialın nəticəsini görə bilərik”.
Fərid