“Qarabağ” komandasının tarixi qələbəsini həm də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fürsətə çevirməliyik.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, “Qarabağ”ın qələbəsi dünyada ölkəmizə və komandaya marağı artırıb:
“Dünyada istifadə olunan axtarış saytlarında artıq “Azərbaycan” və “Qarabağ” sözlərinin axtarışı dəfələrlə artıb. Hər ölkədə müxtəlif dillərdə, müxtəlif şriftlərlə bu sözlər axtarılacaq. Yəni bu, gözlənilən prosesdir. Bu proses tək Quqlda yox, fərqli ölkələrdə istifadə olunan yüzlərlə axtarış saytlarında da sürətlənəcək. Yaxşı olardı ki, ümumiyyətlə “Qarabağ” sözünün ümumi formada yazılışı və onun haqqında informasiyalar barədə saytlarda gedən məlumatlar nəzarətə götürülsün”.
O.Gündüz hazırda diqqət yetirilməli olan əsas məqamın Azərbaycan maraqlarına uyğun informasiya yayan saytların müəyyənləşdirilməsi olduğunu vurğulayıb:
“Axtarış proqramlarında ilk onluğa düşən saytlar xüsusi əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, internet istifadəçilərinin əksəriyyəti axtarış zamanı ilk çıxan saytlara diqqət yetirir. Aidiyyəti qurumlar bununla bağlı işlərə başlamalıdır. Əsasən informasiya siyasəti ilə məşğul olan qurumların üzərinə böyük yük düşür. Bu prosesin özünün də texnologiyası var. Ciddi monitorinqlər aparılmalı, müxtəlif literasiyalı şriftlərlə “Qarabağ”(Karabagh), “Azərbaycan”(Azerbaijan) sözlərini yazdıqda ilk onluğa düşən saytlara baxış keçirilməlidir. Digər ölkə vətəndaşlarının istər ölkəmiz, istərsə də “Qarabağ” komandası haqqında əldə edəcəkləri informasiyalar ölkəmiz üçün vacibdir. Bu sahənin mütəxəsisləri tərəfindən ilk onluğa ölkəmizin maraqlarına uyğun məlumatların çıxması üçün xeyli işlər aparılmalıdır. Bu zaman hansı forma və metodlardan istifadə olunacağını düzgün müəyyənləşdirmək lazımdır. Hər axtarış proqramının xüsusiyyətlərinə uyğun işlər aparmaq lazımdır”. (Axar.az)