"Horadiz əməliyyatının uğurlu olmasının səbəbkarı mərhum prezident Heydər Əliyevdir. Ulu öndərin çağırışından sonra heyət səfərbər oldu və hücum əməliyyatları həyata keçirildi".
Bunu Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Polkovnik qeyd edib ki, bu döyüşlər Azərbaycan xalqının qürur mənbəyidir: "2016-cı ilin aprel ayında Azərbaycan Ordusu bir daha qəhrəmanlığını göstərdi. Bu zərbədən sonra düşmən hələ də özünə gəlməyib. Azərbaycan əsgərinin gücünü bütün dünya, o cümlədən düşmən Ermənistan bilir.
Artıq Ermənistan rəhbərliyi müharibə başlayacağı halda, onları nələrin gözlədiyini anlayır. Artıq öz narahatlıqlarını ifadə edirlər. Əgər Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad edərsə, erməni analarının gözü yaşlı olacaq".
Ehtiyatda olan polkovnik vurğulayıb ki, Horadiz əməliyyatı Aprel döyüşlərinin başlanğıcıdır: "Aprel döyüşləri bunun davamı idi. İnanıram ki, bundan sonra bizim belə qələbələrimiz olacaq".
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür. Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib.