Qarabağın azadlığı uğrunda gedən döyüşlər davam edir. Hazırki vəziyyətdə siyasi müstəvidə gedən proseslər və gələcək perspektivlər də əsas müzakirə mövzusudur.
Eurasia Diary politoloq Şahin Cəfərlidən baş verən hərbi əməliyyatların arxa fonu və gələcək nəticələri ilə bağlı fikirlərini öyrənib.
Politoloq Ermənistanın döyüşlər öncəsi atdığı provokativ addımlarını incələyib.
“Müharibədən əvvəl də indi də Ermənistan mürəkkəb daxili siyasətə malikdir. Düşünürəm ki, Paşinyan Ermənistanda heç də bütün dövlət strukturlarına hakim ola bilməyib. Bilirsiniz ki, o, inqilabdan sonra əvvəlcə qanunverici struktura hakim olmaq üçün parlament seçkiləri keçirdi və qalib gəldi. Bununla da birinci vəzifəni yerinə yetirən Paşinyan ikinci olaraq məhkəmə hakimiyyətini nəzarətə almağa çalışdı. O, bir sıra repressiv addımlar atdı, misal üçün, Koçaryanı və Xaçaturovu həbs etdi. Lakin müxtəlif məhkəmə instansiyalarında onları saxlaya bilmədi və onlar azadlığa çıxdı. Bundan sonra Paşinyan gördü ki, məhkəmə hakimiyyətinə sahib olmasa iqtidarını möhkəmləndirə bilməyəcək. Başladı məhkəmə hakimiyyətini nəzarətə götürməyə cəhd etməyə. Bu proses yekunlaşmamışdı”.
Politoloq eskalasiyaya səbəb olan mümkün ehtimallar arasında keçmiş siyasi rəhbərlik olan Qarabağ klanının aktivliyinə diqqət yetirib.
“Bundan əlavə, Paşinyanın silahlı qüvvələrə nəzarətinin də tam olmadığını düşünürəm. Mümkündür ki, eskalasiyaya çalışan çevrələr, Qarabağ klanına, Koçaryan və Sarkisyana, yəni, keçmiş hakimiyyətə yaxın adamlardı. Ola bilsin ki, hərbiçilər eskalasiyaya yol versin. Bununla da, Qarabağ dalğası üzərində Paşinyana qarşı təzyiq etsinlər. Çünki başqa cür onlar Paşinyan üzərində qələbə çala bilməzlər. Misal üçün, onlar sosial-iqtisadi məsələ üzərində Paşinyana qarşı təzyiq edə bilməzdilər, yalnız, Qarabağ vasitəsi ilə Paşinyanı vurmaq mümkündür. Nəzərə alsaq ki, onlar bu sahədə peşəkardırlar. Ehtimal olaraq bu versiyanı nəzərdə tutmaq olar”.
Şahin Cəfərli Paşinyanını öz provokativ addımlarını da unutmaq lazım olmadığını bildirib.
“Bundan əlavə, Paşinyanın öz addımlarını da unutmaq olmaz. Buraya onun Qarabağa gəlib, Qarabağ Ermənistanındır kimi bəyənatlar verməsi, qondarma Qarabağ rejiminin rəhbərinin andiçməsini Şuşada keçirmək aiddir. Bu cür provokativ addımlar təbii ki, Paşinyan tərəfindən yol verilən və onun əleyhinə işləyən addımlardır. Bununla da Paşinyanın uzaqgörən və yetkin siyasətçi olmadığı üzə çıxdı”.
Rusiya siyasi dairələrinin də proseslərə soyuqqanlı yanaşması xüsusi diqqət cəlb edir. Politoloq burada Rusiya ilə Azərbaycanın hansısa müvəqqəti uzlaşmaya malik olduğunu hesab edir.
“Düşünürəm ki, Azərbaycanla Rusiya arasında hansısa razılaşma, qarşılıqlı anlaşma var. Bu müvəqqəti taktiki uzlaşma da ola bilər. Rusiyanın reaksiyasına xüsusi həyəcan, qorxu yoxdur və özünü çox rahat aparır. Bu isə bizə ortada uzlaşma olduğunu hiss elətdirir. Rusiya Ermənistanda siyasi vəziyyətin dəyişməsində maraqlıdır. Rusiyaya bağlı qüvvələrin misal üçün, Qarabağ klanın revanş etməsi də mümkün ehtimaldır”.
Azərbaycanın hərbi qələbələri isə Paşinyan hakimiyyətinə qarşı sarsıdıcı zərbələrdir. Politoloq bunun Paşinyan üçün heç də yaxşı sonlanmayacağını bildirib.
“Azərbaycanın hərbi təzyiqi və qələbələri nəticəsində güman edirəm ki, Paşinyana qarşı narazılıq artacaq. İnanıram ki, hərbi əməliyyatlar dayandıqdan sonra Ermənistan daxili siyasəıtində ciddi hadisələrin şahidi olacağıq. Ehtimal ki, Paşinyan ya istefa verəcək və ya devriləcək”.
Hazırda baş verən proseslər Azərbaycanın xarici siyasət xəttinə də təsirsiz ötüşməyə bilər. Şahin Cəfərli savaşların gedişatından asılı olaraq Azərbaycanın gələcək perspektivdə mümkün xarici siyasi qərarlarına da nəzər salıb.
“Son aylarda xüsusilə Tovuzdakı hərbi toqquşmalardan sonra Azərbaycanın xarici siyasətində əvvəlki dövrlərdən fərqli xətt hiss etməyə başladıq. Bu da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın yeni səviyyəyə yüksəlməsindən irəli gəlirdi. Birgə hərbi təlimlərdən sonra Türkiyə hərbi kontingenti Azərbaycanda qaldı. Bu baxımdan hiss olundu ki, rəsmi Bakı sanki əvvəlki balans siyasətindən ya imtina etmək və ya yeni xarici siyasət xəttini həyata keçirməyin hazırlığını aparırıdı. Bununla da Bakı Rusiyaya nümayiş etdirdi ki, siz əgər bizim maraqlarımızı nəzərə almasanız bizim alternativimiz var. Biz Türkiyəni bu regiona gətirərək sizin maraqlarınızı da məhdudlaşdırmaq imkanına malikik”.
Politoloq eyni zamanda bu amilin Rusiyanın neytral mövqe saxlamağına təsir etdiyini bildirib.
“Mən düşünürəm ki, Rusiyanın hazırkı hərbi əməliyyatlara neytral münasibətinə bunun da təsiri var. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni mərhələyə yüksəlməsi və Azərbaycanda Türkiyə hərbi bazalarının daimi yaradılmasının ehtimalından söhbət gedir ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Əgər Azərbaycanın xarici siyasətində köklü dəyişiklik olacaqsa, bu, Rusiyanın növbəti davranışlarından asılıdır. Əgər Rusiya hazırki təmkinli və neytral münasibətini dəyişməsə, Azərbaycan-Rusiya münasibətlərində ciddi problem yaşanmayacaq. Yox, Rusiya hansısa şəkildə müdaxilə edərək Azərbaycanın qarşısını alar və dayandırarsa, onda təbii ki, Bakı Tovuz döyüşlərindən sonra başlayan yeni xarici siyasət anlayışını davam etdirə bilər. Bu da strateji seçimlə nəticələnə bilər yəni, Bakı balans siyasətindən imtina edərək Türkiyə vasitəsi ilə mümkün olarsa Qərbə əməkdaşlığını yeni səviyyəyə çatdıra bilər”.
Şahin Cəfərli döyüşlərin indiki mərhələsini həm hərbi həm də diplomatik müstəvidə uğurlu hesab etdiyini söyləyib.
“Bu günə qədərki hərbi əməliyyatların nəticəsini müsbət qiymətləndirmək olar. Hər bir qarış torpağımızın qaytarılması uğurdur. Hərbi əməliyyatların da müddətinin beynəlxalq şəraitdən asılılığı var. Mümkün qədər daha çox torpaq azad olunmalıdır ki, bundan sonrakı danışıqlar prosesində bizim mövqelərimiz möhkəm olsun. Hazırkı mərhələni həm hərbi və həm də diplomatik müstəvidə uğurlu qiymətləndirirəm. Ermənistana isə hər hansı ciddi dəstək müşahidə etmirik. Beynəlxalq çağırışların olması da normaldır”.
Ülvi Əhmədli