Müharibədən sonra dərin psixoloji gərginlik içində olan Qarabağ erməniləri indi yaşamaq üçün sakit bir guşə axtarırlar. Müharibə zamanı döyüş bölgəsindən qaçan ermənilərin yenidən Qarabağa qayıtması ilə bağlı Rusiya və Ermənistan tərəfinin hər dəfə təhrif olunan rəqəmlər yaymasına baxmayaraq, oradan köçənlər Qarabağda yaşamaq istəmədiklərini bəyan edirlər.
BMT-nin apardığı sorğu nəticəsində məlum olub ki, ermənilərin 85 faizindən çoxu artıq Qarabağda yaşamaq arzusunda olmadığını bildirib. Çox cüzi hissəsi isə yüksək şərait və təhlükəsizlik şərtləri çərçivəsində yenidən köçüb yaşamaq mümkün olduğunu istisna etməyib.
Sorğu və statistik məlumatlarla bağlı Eurasia Diary-yə şərh verən Türkiyənin Kocaeli Universitetinin professoru, doktor İrfan Kaya Ülger və Cənubi Koreyanın Hankuk Universitetinin professoru Rövşən İbrahimov məsələyə fərqli şəkildə yanaşıblar. Vaxtilə Qarabağda yaşayan ermənilərin geri dönmək istəməməsi barədə şərh verən professor Rövşən İbrahimov bunu ermənilərin özlərini güvənli hiss etməmələri ilə əlaqələndirib.
“BMT ciddi bir təşkilatdır və onun araşdırması etibarlı hesab edilir. Qeyd edim ki, bu rəqəmlər bundan öncə də bir çox mənbələrdə öz əksini tapıb. Ümumiyyətlə Qarabağdakı ermənilərin geriyə dönmək istəməməsini bir neçə səbəblə izah etmək olar. Bunlardan ən başlıcası etibarsızlıqdlr. Onlar təhlükəsizlik baxımından daha rahat və etibarlı yerdə yaşamaq istəyirlər. Əslində təhlükə onların illərcə Azərbaycan türklərinə qarşı yanlış düşüncələri və qurduqları miflərdir ki, indi onların əsl bəlasına çevrilib və bu üzdən də onlar birgə yaşamaqdan çəkinirlər. Digər səbəb isə Qarabağda hazırda heç bir iqtisadi bazanın olmamasıdır. Bildiyiniz kimi, Azərbaycan Qarabağ torpaqlarını azad edənə qədər, orada qondarma rejim öz siyasi və iqtisadi fəaliyyətini davam etdirirdi. Lakin hazırda onlar bundan tamamən məhrum olublar. Hətta təhsil və səhiyyə də iflic vəziyyətindədir, çünki hazırda hər iki sahənin mütəxəssisləri oranı təhlükəsizlik səbəbindən tərk ediblər” – deyə ekspert bildirib.
Professor İrfan Kaya Ülgerin fikrinə görə, bölgədə sabitliyin təmin olunmasına mane olan yeganə tərəf Rusiyadır və bu üzdən də əhalinin bir qismi orada yenidən məskunlaşmağı etibarlı saymır: “Rusiya yaxın gələcəkdə öz maraqları üçün Dağlıq Qarabağda yenidən qarşıdurma yarada bilər. Bunu Qarabağa muxtariyyət verilmə məsələsini ortaya ataraq davam etdirəcəyi gözlənilir. Həmçinin, Rusiya bunu Qarabağda qondarma “Artsax respublikasi” yaratmaq istəyən bəzi ekstremist qüvvələrin vasitəsilə də həyata keçirə bilər. O üzdən də bu, istər-istəməz yeni gərginlik və münaqişələrə səbəb olacaq. Əslində Rusiya Qafqazda heç bir ölkənin siyasi və iqtisadi sabitlik əldə etməsini istəmir. Bunu dinc yaşamaq istəyən bəzi ermənilər də bilir”.
Türkiyəli ekspert həmçinin yaxın gələcəkdə Qarabağa qayıtmaq niyyətində olan ermənilərin dinc şəkildə Azərbaycan qanunvericiliyinə tabe olaraq yaşamasının nə dərəcə mümkün olacağına da toxunub: “Düşünürəm ki, əsl problem Dağlıq Qarabağın statusu ilə bağlı qeyri-müəyyənliyin mövcud olmasındadır. Bu tip status məsələsi bir çox post-Sovet məkanları üçün hər zaman problem olub. Götürək Abxaziyanı, Cənubi Osetiyanı və yaxud da Dnestryanı bölgəni. Keçmiş Yuqoslaviyada yerləşən Kosovo da bir vaxtlar muxtar bölgə idi. Bütün bunlar SSRİ-nin buraxdığı miras və yaratdığı çətinliklərdir. Hər kəs Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir. Lakin Ermənistanda bəzi qüvvələr hələ də muxtar status konsepsiyasından əl çəkmirlər. Düşünürəm ki, nə zamansa muxtariyyət məsələsi gündəmə gələrsə belə, Azərbaycan tərəfi səlahiyyətlərə tam sahib olmalıdır. Yalnız statusun idarə edilməsi Azərbaycan tərəfindən olduğu təqdirdə, oradakı ermənilər barış içində yaşaya bilərlər”.
Ekspertlər Rusiyanın 50 min erməninin Qarabağa qayıtması barədə verdiyi raport barədə də danışıblar. Hər iki ekspertin fikrincə, Rusiyanın bu açıqlaması həqiqətə söykənmir və Moskva Qarabağda bu növ informasiyalarla manevr etməyə çalışır.
“Bu statistika fikrimcə birtərəflidir. Daha aydın desək, bu məlumat yalnız rusların verdiyi bir məlumatdır. Çünki bu günə qədər bu rəqəmlər heç bir mənbədə öz əksini tapmayıb. Ola bilsin, bu rəqəmlər sadəcə Qarabağa gələn bir neçə yüz erməninin sonradan Ermənistana qayıtması və bunun bir neçə dəfə təkrarlanması nəticəsində qeydiyyata alınan statistik məlumatdır. Ən əsası isə odur ki, məlumatda heç bir ad göstərilmir. Ümumiyyətlə statistik məlumat yalnız Qarabağa qayıdan adamların adları və sayı əsasında hazırlanmalıdır. Hesab edirəm ki, Ermənistan, eləcə də Rusiya tərəfi bu kimi statistik məlumatları guya Qarabağa köçənlərin artdığını göstərmək üçün hazırlayır. O üzdən də, mən bu kimi məlumatı yanlış hesab edirəm,” deyə Rövşən İbrahimov vurğulayıb.
Professor İrfan Kaya Ülger də bildirib ki, Rusiyanın açıqlamalarına güvənmək çox təhlükəlidir. Onun fikrincə, Rusiya bu cür təsdiqini tapmamış rəqəmlərlə sadəcə manevrlər edərək Qarabağda öz varlığını bərqərar etmək istəyir.
“Ermənilərsiz Rusiyanın Qarabağda hakim olması üçün bir bəhanəsi yoxdur. Rusiya gözə kül üfürərək bu məlumatı yayır və guya ermənilərin geri dönmək üçün can atdıqlarını göstərir. Lakin statistik məlumatlar da bunu təsdiq edir ki, ermənilər özlərini Qarabağdan çox sığındıqları İrəvanda daha təhlükəsiz hiss edirlər. O üzdən də bu rəqəmlər fikrimcə əsassızdır”.
Professor Ülger həmçinin Ermənistanı yaxın gələcəkdə gözləyən problemlər barədə də söz açıb. O, müharibədən sonra Qarabağı tərk edərək Ermənistana sığınan ermənilərin yaxında daha ağır durumla üzləşməli olacaqlarını deyib: “Ermənistan hazırda 1990-cı illərdəki imkanlardan da geridə qalıb. Bu gün təkcə Qarabağdan Ermənistana qaçanlar deyil, hətta yerli əhali də çətin vəziyyətdədir. İqtisadi vəziyyətlə yanaşı psixoloji durum ölkədə gərginliyin yaranmasına geniş yol açır. Əvvəllər diaspora tərəfindən müxtəlif qrant və yardımlar olunsa da, indi bunların ölkə iqtisadiyyatının inkişafı üçün heç bir effekti yoxdur. Təbii sərvətləri son dərəcə məhdud olan Ermənistanın tək bir ümidi separatçı meyllərdən uzaqlaşaraq Türkiyə və Azərbaycanla real və dinc münasibətlər qurmasıdır. Hazırda Ermənistana rəhbərlik edən Nikol Paşinyan praqmatik bir xətt tuta bilsə, arxasında duran siyasi dəstək güclənəcək. Paşinyanın əleyhdarları isə avantürist xarici siyasət hədəfi ifadə edirlər. Seçkilərin hazırkı şərtlər altında keçiriləcəyi təqdirdə Paşinyanın uğurlu ola biləcəyi qənaətindəyəm”.
Politoloq Rövşən İbrahimov Ermənistanı pandemiyadan sonra böyük köç gözlədiyini deyib. O bildirib ki, hazırda Qarabağdan qaçaraq İrəvana sığınan ermənilər nəyinki Ermənistanda qalmaq, hətta başqa ölkələrə üz tutmağı planlaşdırırlar: “Belə olan təqdirdə ölkə əhalisinin sayı kəskin azalacaq və hətta zaman keçdikcə Qarabağda yaşayacaq bir nəfər belə erməni qalmayacaq. Bu da onu göstərir ki, zaman bizim lehimizə işləyir”.
Elnur Ənvəroğlu