Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 8-də erməni həmkarı Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanın siyasi və iqtisadi sabitliyi Gürcüstanın və bütövlükdə regionun sabitliyi ilə birbaşa bağlıdır: “Qarabağ müharibəsi region üçün mürəkkəb çağırış olub. Amma indi baş nazirin yeni baxışı ilə tanış olarkən inanıram ki, bu çağırış Ermənistan və erməni xalqına rifah gətirəcək yeni imkana çevriləcək. Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında vacib sənədlərin, xəritələrin və saxlanılmış ermənilərin mübadiləsi uğurlu presedentdir və Gürcüstan tərəflər arasında etimadın yaradılması üçün aktiv vasitəçiliyini davam etdirməyə hazırdır", -deyə Qaribaşvili qeyd edib.
Bununla bağlı gürcü politoloq Gela Vasadze EDNews.net-ə açıqlama verib.
Ekspertin sözlərinə görə, Gürcüstan baş nazirinin dediyi kimi həqiqətən də ikinci Qarabağ müharibəsi regiondakı vəziyyəti dəyişib və regionun inkişafı üçün bir sıra imkanlar yaranıb: “Həqiqətən də sülhün olması və kommunikasiyaların açılması üçün imkanlar var. Əgər bütün kommunikasiyalar açılarsa bu, regionun investisiya baxımdan cazibədarlığını artıracaq. Kommunikasiya xətlərinin açılması regionun hər üç dövlətinə üstünlük qazandırır. Məsələn, Mehri boyu Cənub dəhlizi açılarsa, eləcə də şimalda İcevan-Qazax-Gümrü və oradan da Türkiyəyə gedən dəhliz açılması Bakı-Tbilisi-Qars dəmir yolunu ümumi Qafqazı əhatə edən bir yola çevirir. Bundan əlavə, Culfa və Naxçıvandan Ermənistana, Gürcüstana, və Türkiyəyə gedən dəmir yolu açılsa bu, İranın Mederabas (Çinin nəzarətindədir) və Çabahar (Hindistanın nəzarətində) limanlarını Gürcüstanın limanları və Aralıq dənizindəki Türkiyə limanları ilə birləşdirəcək dəmir yolu olacaq. Türkiyə limanları ilə Cənubi Avropaya, Gürcüstandan isə Mərkəzi və Şimali Avropaya yük daşımalar həyata keçiriləcək. Beləliklə region güclü nəqliyyat qovşağına çevrilir. Çin layihəsi olan “Bir kəmər bir yol” layihəsi çərçivəsində Rusiyanın Şimal marşrutu ... Ona görə, düşünürəm ki, bu çox maraqlı olacaq”.
Ekspertin sözlərinə görə, Gürcüstan baş nazirinin dediyi kimi həqiqətən də İkinci Qarabağ müharibəsi regiondakı vəziyyəti dəyişib və regionun inkişafı üçün bir sıra imkanlar yaranıb: “Həqiqətən də sülhün olması və kommunikasiyaların açılması üçün imkanlar var. Əgər bütün kommunikasiyalar açılarsa bu, regionun investisiya baxımdan cazibədarlığını artıracaq. Kommunikasiya xətlərinin açılması regionun hər üç dövlətinə üstünlük qazandırır. Məsələn, Mehri boyu Cənub dəhlizi açılarsa, eləcə də şimalda İcevan-Qazax-Gümrü və oradan da Türkiyəyə gedən dəhliz açılması Bakı-Tbilisi-Qars dəmir yolunu ümumi Qafqazı əhatə edən bir yola çevirir. Bundan əlavə, Culfa və Naxçıvandan Ermənistana, Gürcüstana və Türkiyəyə gedən dəmir yolu açılsa bu, İranın Mederabas (Çinin nəzarətindədir) və Çabahar (Hindistanın nəzarətində) limanlarını Gürcüstanın limanları və Aralıq dənizindəki Türkiyə limanları ilə birləşdirəcək dəmir yolu olacaq. Türkiyə limanları ilə Cənubi Avropaya, Gürcüstandan isə Mərkəzi və Şimali Avropaya yük daşımalar həyata keçiriləcək. Beləliklə region güclü nəqliyyat qovşağına çevrilir. Bu qovşaq Çin layihəsi olan “Bir kəmər bir yol” layihəsi çərçivəsində Rusiyanın Şimal marşrutuna ciddi rəqib olacaq. Ona görə, düşünürəm ki, bu çox maraqlı olacaq”.
G. Vasadzenin sözlərinə görə, Bakıda, İrəvanda, Tbilisidə, Ankarada və Tehranda hamı bunu başa düşür və bunun reallaşmasına maksimum səy göstərəcəklər: “Lakin hesab edirəm ki, buna qədər münaqişə siyasi yola həll edilməlidir. Qaribaşvilinin dediyi kimi Paşinyanın yeni baxışı var. Burada söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından və ən əsası Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsindən gedir”.
Ekspert Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində Gürcüstanın vasitəçilik rolu haqda da fikir bildirib: “Burada Gürcüstan vasitəçi ola bilməz. Çünki Ermənistan və Azərbaycana təsir etmək resursu yoxdur. Lakin biz bunun üçün meydan ola, qapını örtüb çay-qəhvə verərək əlverişli şərt yarada bilərik”.
Politoloqun fikrincə, Ermənistan və Gürcüstan baş nazirləri birbaşa deyilməsə də, ikitərəfli danışıqların mümkünlüyünə işarə ediblər: “Fikrimcə, ikitərəfli danışıqlar inkişaf üçün yeganə şansdır. Rusiya bu konfliktin, belə desək, effektivliyini azalda bilib. Çünki cənub nəqliyyat dəhlizinin açılması Rusiya üçün də faydalıdır”.
Ekspert qeyd edib ki, Ermənistanın siyasi sabitliyində Gürcüstan heç bir rol oynamır: “İqtisadi sabitliyə gəldikdə isə Gürcüstan Ermənistan üçün logistik kəsişmə roluna malikdir. Bütün nəqliyyat dəhlizləri açılanda tariflərin sinxronlaşdırılması zərurətə çevriləcək. Heç kimin digərinə ehtiyacı olmayacaq, biz bir-birimizdən asılı olacağıq. Bu da sülhün bərqərar olması və bütün konfliktlərin həll edilməsi üçün siqnal olacaq”.
Gülnar Səlimova
6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi