Media və sosial şəbəkələrdə Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasının mümkünlüyündən danışılır. Hesab edirəm ki, preleminar (ilkin, hərtərəfli sülh müqaviləsindən əvvəl bağlanmış) sülh müqaviləsi çərçivəsində bu, tamamilə mümkündür.
EDNews.net xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.
“Əminəm ki, Ermənistan asanlıqla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və deyəcək ki, bizə qarşı ərazi iddiası yoxdur. Bundan əlavə, onlar sülhməramlıların çətiri altında “siyasi fəaliyyət” nümayiş etdirməyə çalışacaq marionet rejimin maliyyələşdirilməsi istiqamətində fəaliyyətlərini də davam etdirəcəklər.
Belə uzunmüddətli perspektivi necə neytrallaşdırmaq olar? Qaçqınlarımızın Zəngəzura qayıtması məsələləri ilə bağlı siyasətimizi aktivləşdirməklə”, - politoloq bildirib.