Ermənistan Baş naziri Nikol Paşinyan 23 noyabrda virtual mətbuat konfransında 30 il bundan öncə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Paşinyan öz açıqlamasında deyib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-yə qoşularkən mahiyyətcə bir-birinin ərazi bütövlüyünü tanıyıblar.
Qeyd edək ki, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycana qarşı ərazi iddialarının olmadığını bildirdiyi halda Qarabağ məsələsini bura aid etmir. Yəni, Ermənistan rəhbərliyi Qarabağ məsələsini Azərbaycan Respublikasının tərkibində yox, xalqların öz müqəddəratını təyinetmə hüququ çərçivəsində həll olunmasını istəyir.
Bu məsələ ilə bağlı EDNews.net beynəlxalq hüquq üzrə tanınmış ekspert Fərhad Mehdiyevdən açıqlama alıb. Fərhad Mehdiyevə görə, Ermənistan tərəfinin Qarabağ məsələsində heç bir məntiqli yanaşması yoxdur.
“Təbii ki, Ermənistanın Qarabağla bağlı mövqeyi heç bir məntiqə sığmır. 1991-ci ildə Ermənistan və Azərbaycan müstəqilliyə çıxarkən Ermənistan rəhbərliyi qeyd-şərtsiz Azərbaycanın sərhədlərini qəbul edib. 30 il ərzində ortada işğal faktoru olsa da, Ermənistan Qarabağı öz ərazisinə birləşdirmək cəhdi olmayıb. O ki qaldı Paşinyan hökumətinin Qarabağla bağlı açıqlamalarına, burada açıq şəkildə bilinməyən səbəbləri nəzərdən keçirmək lazımdır. Düşünmək lazımdır ki, Paşinyan nə üçün Qarabağ məsələsində belə ifadələr işlədir? Nəzərə almaq lazımdır ki, Paşinyan ictimaiyyət qarşısında Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını deyə bilməz. Çünki ölkəsində ona qarşı güclü hücumlar ola bilər.
Paşinyan Qarabağla bağlı açıqlamalarında elə sözlər işlədir ki, ona qarşı güclü ittihamlar olmasın. Ermənistan mətbuatını nəzərdən keçirsək görərik ki, Paşinyan Qarabağ məsələsində ölkəsinə xəyanət etməkdə günahlandırılır”.
Ekspert Paşinyanın erməni ictimaiyyətində Qarabağ məsələsini siyasi cəhətdən dondurmağa çalışdığını bildirib: “Qarabağ açıqlamalarında görün Paşinyan nə deyir. Paşinyan deyir ki, guya Qarabağın taleyi Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsinə aidiyyatı yoxdur. Guya Qarabağ ərazi məsələsi deyil, bu məsələ hüquqi məsələdir. Paşinyan hüquq məsələsini ortalığa atmaqla erməni cəmiyyətinə Qarabağın mübahisəli ərazi olmadığını göstərməyə çalışır. Yəni, Qarabağ məsələsi hüquq çərçivəsində həll olunmalıdır”.
“Əslində isə beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dövlətlər və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyır”, - deyə o əlavə edib.
Ekspert Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya məsələsinə də toxunub: “Paşinyan sərhəd məsələsində iki məqsədi güdür. Birincisi, Paşinyan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya məsələsində hökumətin atacağı addımları legitimləşdirməyə çalışacaq. Bununla da Paşinyan hökuməti Azərbaycan sərhədlərini tanıyacaq. İkincisi, Paşinyan erməni ictimaiyyətinin fikrini Qarabağ məsələsindən yayındırmaq, bu məsələni donmuş vəziyyətə salmaq istəyir. O ki qaldı Qarabağın hansısa statusu məsələsinə, bu sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə heç bir əlaqəsi yoxdur”.
Yunis Abdullayev