Aşqabad sammiti bütövlükdə Azərbaycan diplomatiyası üçün böyük nailiyyətlə yadda qaldı. Məlumdur ki, 28 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabada İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə görüşündə iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada yollanıb. Əliyev Aşqabadda zirvə görüşü ilə birlikdə bir neçə dövlət başçıları ilə də ikitərəfli görüşlər keçirib.
İranla gərginlikdən iqtisadi əməkdaşlığa gedən yol
Aşqabad sammitində ən maraqlı anlardan biri uzun zamandır gözlənilən Azərbaycan və İran dövlət başçılarının görüşü oldu. Görüşdə liderlər bütün keçmiş gərginlikləri bir tərəfə qoyub, iqtisadi əməkdaşlıq və enerji mübadiləsi ilə bağlı razılaşmalara qol çəkdilər. Razılaşmaya görə, Azərbaycan İran üzərindən Türkmənistan qazını idxal edəcək.
Sözügedən razılaşmanı şərh edən İranın neft naziri Cavad Ovci bildirib ki, bu il dekabrın 22-də türkmən qazının İran ərazisi ilə Azərbaycana svop tədarükü başlayacaq. Bu müqavilədə biz Türkmənistandan və Sərəxs rayonundan hər il təxminən 1,5-2 milyard kubmetr qaz alacaq və Astaradan Azərbaycan Respublikasına çatdıracağıq. İranın Xəzər regionunda qaz müqavilələrində iştirakı gələcəkdə İranın Avropa qaz şəbəkəsinə qoşulmasına və qitəyə qaz ixracının başlamasına səbəb ola bilər.
Yəni, İran Azərbaycanla əməkdaşlıq sayəsində illərdir təcrid olunduğu Qərblə yenidən ticari partnyorluq əlaqələri qura və daxilindəki iqtisadi böhranı aradan qaldıra bilər.
Xatırladaq ki, Azərbaycanla gərginlik fonunda Qafqaz və Türkiyə qapıları TIR-larının üzünə bağlanan İran çox da gec olmadan səhvindən dönmüş, 27 oktyabrda XİN rəhbəri Hüseyin Əmirabdullahian Azərbaycanla açıq gərginliyin geridə qaldığını bəyan etmişdi. Gərginlikdən sonra istər İran TIR-ların Qarabağa gedişinə qadağa qoyulması, istərsə də Azərbaycanla əlaqələrin bərpası istiqamətində xoşməramlı mesajların ünvanlanması iki dövlət arasında “soyuq”laşan əlaqələri mülayişləşdirmişdi.
Aşqabada imzalanan razılaşma ilə çox da dürüst və mehriban olmayan qonşusuna qarşı təqdirəlayiq bir diplomatik müqavimət göstərən Azərbaycanın gərginlik sonrasında İranı yenidən qazandı. İran gərginliyində Azərbaycan daxilindəki casus şəbəkəsini üzə çıxarmış, beynəlxalq dəstək almış və İrana özü ilə davranış qaydalarını diktə etməyi bacarmışdı. İndi isə Bakı İranı Zəngəzur dəhlizi və Avropaya qaz nəqli layihələrinə daxil edərək Ermənistana açıq dəstək verən qonşusunu müttəfiqə çevirməyə çalışır. Bu isə diplomatik cəhətdən möhtəşəm həmlədir...
Türkmənistandan alınan 2 milyard kubmetr qaz
Yuxarıda qeyd edildiyi kimi Azərbaycan İran üzərindən Türkmənistan qazının idxalına başlayacaq. Qeyd edək ki, Azərbaycan hazırda özünü qazla tam təmin edir. Türkmənlərdən alınan qaz isə 2016-cı ildəki kimi ölkənin cənub rayonlarının qazla təminatına deyil, Avropa bazarına çıxarılması üçündür. Aşqabad sazişi ilə Azərbaycan ildə 2 milyard kubmetr türkmən qazını Avropaya satmaqla əvvəla tranzit gəlirləri əldə edəcək.
Qeyd edək ki, bu saziş Türkmənistanı uzaq, bitərəf bir ölkədən Azərbaycanın təbii müttəfiqinə çevirəcək. Həmçinin 25 ildir müzakirə edilən “Trans-Xəzər” layihəsi üçün zəmin hazırlayacaq. Təbii, türkmən qazını üçüncü ölkələrə satmaqla Azərbaycan bir növ Avropa bazarında özünə yeni rəqib yaradır, lakin eyni zamanda Avropanın qazla təminatına Rusiya qədər əhəmiyyətli bir ölkəyə də çevrilmək yolunda irəliləyir...
Aşqabaddan Ermənistana vurulan zərbə
Aşqabaddakı zirvə görüşünün sonunda qəbul edilən qətnamədə üzv dövlətlər Azərbaycanı ərazi bütövlüyünü təmin etmək münasibətilə təbrik edib. Bu bəndin qətnaməyə salınması Azərbaycanın Aşqabaddakı əsas diplomatik uğurlarından biri olub.
Xatırladaq ki, İƏT təşkilatına hazırda 10 ölkə daxildir: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstan. İran – Ermənistanın əsas iqtisadi partnyorlarından biri, Qazaxıstan, Tacikistan və Qırğızıstan isə KTMT- dəki (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müttəfiqləridir. Bu təbrikin İrəvanda yaratdığı ruh düşkünlüyünü nəzərə alsaq, onun diplomatik əhəmiyyətini daha aydın izah edə bilərik. Qısası, Aşqabadda Ermənistanın müttəfiqləri Azərbaycanı Ermənistan üzərində qələbə çaldığına görə təbrik edib.
Zəngəzur dəhlizi mesajı
Aşqabad sammitində daha bir önəmli məqam isə Əliyevin Zəngəzur dəhlizi ilə bağlı əhəmiyyətli mesajı idi. Belə ki, Əliyev Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyi deməklə yetinmədi, bu dəhlizin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzi xəttinə çevriləcəyini bildirdi. Yəni, Zəngəzur dəhlizi sadəcə Azərbaycanın deyil, İran başda olmaqla bütün İƏT (və digər) ölkələrinin faydalanacağı bir tranzit qovşaq olacaq.
P.S. Yaxşı diplomat(iya) gərginlikləri münaqişəyə çevirən yox, əməkdaşlıq üçün fürsətə çevirəndir.
Nicat İsmayılov