Uzun və tarixi köklərə bağlı olan İsrail-Azərbaycan münasibətləri bu gün də yeni formatda davam edir. Qeyd edək ki, Azərbaycan əsrlərdən bəri yəhudilər üçün ikinci vətən olub və Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi birgə yaşamaq hüququ əldə edib.
Bu münasibətlər İsrail dövlətində də qarşılıqlı qəbul edilir və hətta bu münasibətlər diplomatik səviyyədə də öz əksini tapıb.
Təsadüfi deyil ki, Vətən müharibəsi zamanı qardaş Türkiyə və Pakistan kimi, İsrail də Azərbaycanın yanında yer alıb. Bundan əlavə, İsrail dövləti post-konflikt dönəmində də Qarabağdakı quruculuq işlərində önəmli layihələrdə iştirak edir.
İsrail prezidenti İsak Herzoq Azərbaycan prezidenti İlham Əliyevə 60 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayarkən, Azərbaycan liderini ölkəsinə dəvət edib. Bundan əlavə, o, etdiyini bildirib ki, tezliklə İsraildə Azərbaycan səfirliyinin açılacağına ümid etdiyini bildirib.
Beləliklə, İsraillə Azərbaycanın diplomatik əlaqələri daha da genişlənməklə yanaşı, iki dövlət arasında isti münasibətlər ən yüksək mərhələsinə doğru irəliləyir.
İsrailli jurnalist Şmuel Din Elmas İsrail-Azərbaycan münasibətlərinin perspektivləri haqda EDNews.net-ə açıqlama verib.
“Səfirlərin hər iki paytaxtda – Bakı və Qüdsdə olması Ermənistan və İran kimi ölkələrə aydın cavab verə bilər ki, İsrail-Azərbaycan münasibətləri “neft silahından” və onun üzərində qurulan münasibətlərdən qat-qat genişdir. İndi bu barədə danışmaq həm tezdir, həm də yanlış olar. Çünki bu hər iki ölkənin diplomatları arasında pafoslu ifadəyə çevriləcək.
Bundan əlavə, ümidvarıq ki, bu cür addımlar iki ölkə arasında daha böyük iqtisadi və ictimai əlaqələrin meydana gəlməsinə səbəb olacaq. Üstəlik, əminliklə deyə bilərəm ki, bu imkanların reallığa çevrilməsindən sonra Bakıda təsəvvür belə edə bilməyəcəyiniz sayda israilli turistə rast gələcəksiniz”.
Şmuel Din Elmas həmçinin İsraillə Azərbaycan arasındakı münasibətlərin hansı məcrada davam etməsi və bu münasibətlərin regionda doğurduğu reaksiyalara toxunub.
“Bunu xüsusilə qeyd etmək istərdim ki, İkinci Qarabağ müharibəsi dünya və regionda dostla düşmənin üzə çıxmasına münbit şərait yaratdı. Burada İsrailin mövqeyi, eləcə də bunu qəbul edə bilməyən tərəflər də qeyd olunmalıdır. Məsələn, hazırda regionda İsrailin Azərbaycanla yaxınlığı rəsmi Tehranı dinc buraxmır”.
Elnur Ənvəroğlu