“Türkiyə və Azərbaycan üçün Laçın dəhlizi ətrafında problemlərin həlli regional təhlükəsizliyin təmin olunmasında önəmli mahiyyət daşıyır”. Bu sözləri EDNews.net-ə politoloq Mətin Məmmədli Türkiyə Müdafiə Naziri Hulusi Akarın Zəngəzur və Laçın dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
Qeyd edək ki, qardaş ölkənin müdafiə naziri Hulusi Akar “Hürriyyet” qəzetinə müsahibəsində Ermənistan-Azərbaycan, Azərbaycan-Türkiyə əlaqələri və Qafqazda regional əməkdaşlıq barədə önəmli açıqlamalar verib.
“Azərbaycan torpaqları 30 ildir işğal altında idi. Heç kim heç nə etmirdi. 44 günlük əməliyyatdan sonra Minsk qrupunun həmsədrləri İlham Əliyevin qarşısına çıxdı. Cənab Əliyev deyir ki, 30 il idi harada idiniz? Önəmli olan cənab Əliyevin uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra 3+3 əlaqələr Qafqazda sabitliyin təmin edilməsidir”.
Bununla yanaşı, Hulusi Akarın Zəngəzur və Laçın dəhlizinə toxunması əsas diqqət çəkən məqam olub.
“Arzumuz odur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.
Türkiyə Müdafiə nazirinin Zəngəzur dəhlizi ilə bərabər Laçın dəhlizi barədə də danışması regional təhlükəsizliyin Azərbaycan və Türkiyə üçün əhəmiyyət kəsb etdiyini göstərir.
Bu məsələyə münasibət bildirən Mətin Məmmədli hesab edir ki, bölgədə baş verən problemlər Azərbaycanın təhlükəsizliyinə birbaşa təsir edir. Bu da Türkiyə rəhbərliyini narahat etməyə bilməz.
“Hulusi Akarın son açıqlamasında Zəngəzur və Laçın dəhlizinə toxunması başadüşülən bir məsələdir. Onun bu açıqlamasında önəmli məqamlar var. İlk öncə xatırladaq ki, Türkiyə Azərbaycanın hərbi-siyasi müttəfiqidir. Qarabağda mövcud vəziyyət və Laçın dəhlizi ətrafında gedən proseslər birbaşa Azərbaycanın təhlükəsizliyinə təsir edir. Bizim ölkənin təhlükəsizliyi isə qardaş Türkiyənin siyasi və hərbi maraqlarında xüsusi əhəmiyyətə malikdir. Yəni, Qarabağda və bu bölgə ətrafında baş verən hər hansı bir neqativ hal Türkiyəni narahat etməyə bilməz”.
Politoloq İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda öz sözünü deyən regional dövlətə çevrildiyini də qeyd edib.
“44 günlük Qarabağ müharibəsindən sonra Türkiyənin regionda rolu və mövqeyi xeyli güclənib. Post-münaqişə dövründə Ermənistan və Azərbaycan arasında sülh quruculuğu məsələsində Türkiyə də öz sözünü deməyə başlayıb. Eyni zamanda, Zəngəzur və Laçın dəhlizi ətrafında sabitliyin təmin olunması təkcə Azərbaycan üçün yox, həmçinin Türkiyə üçün də vacibdir. Bu baxımdan Akarın bu məsələ ilə əlaqədar açıqlamasına normal yanaşmaq lazımdır”.
Mətin Məmmədli Yerevanın Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatlara laqeyd yanaşdığını da vurğulayıb.
“Onu da qeyd edim ki, Ermənistan noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bəndlərinə əməl etmir. Yerevan bu bəyanatın 9-cu maddəsinə, yəni regional kommunikasiyaların açılmasından hələ boyun qaçırır. Belə olan halda Azərbaycan və Türkiyənin haqqı var ki, bu məsələ ilə əlaqədar davamlı olaraq öz iradlarını bildirsinlər. Cənab Prezident İlham Əliyev Brüssel səfərində qeyd etdiyi kimi, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl törətdiyi halda nəyə görə ermənilər də Laçın dəhlizindən istifadə etməlidir. Azərbaycan və Türkiyə Zəngəzur məsələsində Laçın dəhlizindən Ermənistana diplomatik təzyiq kimi istifadə edə bilərlər.
Laçın dəhlizi Ermənistan və Qarabağ erməniləri üçün həyati əhəmiyyət kəsb edir. Laçın Ermənistan və Qarabağ arasında yeganə yoldur. Ona görə də həm Azərbaycan, həm də Türkiyə tərəfindən Laçın dəhlizinin gündəmə gətirilməsini doğru hesab edirəm”.
Yunis Abdullayev