Son zamanlar Ermənistanda və erməni ictimaiyyətində Azərbaycana və Türkiyəyə münasibətdə dəyişikliklər müşahidə olunur. Bəzi ermənilər artıq anlamağa başlayır ki, qonşuları ilə düşmənçiliyin davam etdirilməsi onların ölkələrini uçuruma doğru aparır. Artıq ermənilər Azərbaycanla növbəti müharibənin onları tam məhvə düçar edəcəyini anlayırlar.
Paşinyanın partiyası “Vətəndaş Müqaviləsi”-nin deputatı Xaçatur Sukiasyan hesab edir ki, Azərbaycanla mehriban qonşuluq münasibətlərinin olması mümkündür.
“Biz Azərbaycanla olan bu düşmənçiliyi övladlarımıza, gələcək nəsillərimizə ötürməyəcəyik. Atışmalar olanda onların da qurbanları olur, sivil olmaq lazımdır”.
Bununla bərabər, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Gürcüstanda beynəlxalq təhlükəsizlik ilə bağlı təşkil olunan konfransda erməni və azərbaycan xalqları arasında sülhün və qarşılıqlı etimadın bərpa olunması məsələsinə toxunub. Sabiq diplomat qeyd edib ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hazırdır.
Məsələ ilə bağlı EDNews-a açıqlama verən politoq İlqar Vəlizadə qeyd edib ki, Ermənistanda bir qrup insan artıq Azərbaycanla müharibədən və qanlı qarşıdurmadan yorulublar.
“Erməni ictimaiyyətində iki önəmli qrup var. Birinci qrup Paşinyan və onun partiyasının ətrafında toplanan kütləyə aiddir. Paşinyanın partiyasının deputatları və onun partiyasını dəstəkləyən siyasi fəallar qonşuları ilə düşmənçiliyin davam etdirilməsini istəmirlər. Onlar artıq II Qarabağ müharibəsinin fəlakətlərini anlayıblar. Hazırda onlar Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşmasında konkret nəticələrin əldə olunmasına çalışırlar. Həmçinin, Paşinyan hökuməti öz elektoratını qorumaq və genişləndirmək üçün ölkəsində mütləq iqtisadi və sosial vəziyyəti düzəltməlidir. Buna yalnız qonşular ilə münasibətlərin normallaşması imkan yarada bilər”.
Politoloq qeyd edib ki, revanşistlər isə Azərbaycanla növbəti müharibənin aparılmasının tərəfdarıdırlar və bununla bağlı müxtəlif təxribatlar törətməyə çalışırlar.
“Ermənistanda revanşist qüvvələr sakit durmurlar. Onlar çıxışlarında anti-Azərbaycan və anti-Türkiyə bəyanatları verirlər. Revanşist liderlər şüarlarında düşmənçiliyi təbliğ edən fikirlər səsləndirirlər. Vətəndaşları yenidən müharibəyə sövq edirlər. Ermənistanın onlarla heç bir gələcəyi yoxdur”.
Sonda siyasi analitik Qarabağda yaşayan ermənilərdən də söz açıb. İlqar Vəlizadə qeyd edib ki, Azərbaycan torpaqlarında yaşayan ermənilər mütləq Azərbaycan qanunlarını tanımalı və Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.
“Qarabağda hazırda yaşayan ermənilərin yenidən Azərbaycan cəmiyyətinə inteqrasiyası mümkündür. Lakin onlar bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Qarabağ erməniləri digər Azərbaycan vətəndaşları kimi, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Yalnız bu halda onlar bizim cəmiyyətə reinteqrasiya oluna bilərlər. Yaxın gələcəkdə Qarabağın bütün ərazisinin tam Azərbaycanın yurisdiksiyasının altına keçdiyi halda erməni sakinlərin ölkəmizdə yaşaması mümkündür”.
Yunis Abduııayev