2021-ci ilin dekabr ayında türkiyəli politoloq Serdar Sement maraqlı bir məqalə ilə çıxış edib.
“Britaniya Qərbin şiridir” başlıqlı məqalədə müəllif növbəti il Qərbin Rusiyanı Ukraynada bir yorucu müharibəyə cəlb edəcəyi proqnozlaşdırırdı. S.Sement bu müharibəyə Qərbin qoluşmayacağını, Ukraynanı silahlandırıb Rusiya üçün “II Əfqanıstan bataqlığı” hazırlayacağını bildirib.
Müharibə ilə bağlı proqnozları tam doğru çıxan siyasi şərhçi bu dəfə EDNews-un suallarını cavablandırıb:
Politoloq, Ukrayna və Rusiya arasında sülhün əldə edilməsini mümkün hesab edib:
“Müharibənin davam etdiyi bu günlərdə bu sözü demək biraz çətin olsa da yaxın vaxtlarda tərəflərin sülhə nail olması mümkündür. Çünki Rusiya istəyinə nail olub. Zelenski öz dili ilə ölkəsinin NATO-ya daxil ola bilməyəcəyini bildirib. Ukraynanın NATO-ya inteqrasiyası Putin Rusiyası üçün müharibə səbəbi idi. İndi bu səbəb qismən aradan qaldırılıb. Başqa bir tərəfdən Rusiya üzləşdiyi sanksiyalarla indi 3 il əvvəlkinə nisbətən daha yorğun və çətin duruma düşdü, bir növ gözünü Qərbin sanskiyaları geri götürməsinə dikib. Bu da Qərbin arzusu idi ki, o buna nail oldu. Yəni, başqa cür desək, Ukraynanı qurbanlıq quzu kimi ayının önünə atanlar, ayını yora bildilər. Ona görə də Ukrayna üzərindən gedən Qərb-Rusiya müharibəsində daha çox Qərb olmaqla hər iki tərəf istəyinə nail oldu, indi isə sülh vaxtı yetişib”.
Rusiya-Ukrayna müharibəsinin Azərbaycan və Türkiyəyə təsirini isə S.Sement belə dəyərləndirib:
“Müharibənin uzanması ehtimalında hər iki qardaş ölkə üçün risklər artır. Lakin müharibə tez bir zamanda başa çatarsa Ukrayna bazarlarında Azərbaycan və Türkiyə şirkətləri daha da möhkəmlənəcək. Üstəlik, Ukrayna müharibə zamanı “ayının əbasının altından” ona kömək olan bu ölkələrin dəstəyini unutmayacaq. Həmçinin, Azərbaycan və Türkiyənin Qərblə siyasi-iqtisadi əlaqələri də daha da intensivləşəcək. Qısası, müharibədən əvvəl Azərbaycan Qərb üçün əhəmiyyətli enerji təminatçısı idisə, müharibədən sonra çox əhəmiyyətli enerji təminatçısı olacaq”.
Nicat İsmayılov