“Azərbaycan və Ermənistanda Qarabağ münaqişəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları və media qurumları münaqişənin nizamlanmasında Avropa İttifaqının rolunu hər zaman yüksək qiymətləndiriblər”.
Bu sözləri Ednews-a Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Brüssel görüşünün nəticələrini və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında gələcək rolunu şərh edərkən bildirib.
Söhbət zamanı o, Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin nizamlanmasınıda uzun müddət vasitəçilik edən ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətindən söz açıb.
“Minsk Qrupunun həmsədr ölkələri münaqişə ilə bağlı məsələlərdə yalnız öz maraqlarını güdürdülər. Onların maraqları heç bir zaman üst-üstə düşməyib. Minsk Qrupu vahid bir struktur kimi fəaliyyət göstərmirdi. Bununla yanaşı, həmsədr ölkələr – Rusiya, Fransa və ABŞ arasında güclü rəqabət var idi. Belə olan halda Qarabağ münaqişəsində onların ortaq məxrəcə gəlməsi qeyri-mümkün idi.
ABŞ və Fransada mövcud olan güclü erməni lobbisi də münaqişənin həll olunmasına maneçilik törədirdi. Eyni zamanda Rusiya Cənubi Qafqaz daxil olmaqla bütün post-sovet məkanını öz arxa baxçası hesab edirdi. Moskva bu regionda yalnız öz imperalist maraqlarını güdürdü. Rusiya rəhbərliyi bir tərəfdən vasitəçilik edir, digər tərəfdən də münaqişə tərəflərinə silah-sursat satırdı. Bu səbəblərə görə, Minsk qrupundan müsbət nəticələr gözləmək mənasız idi”.
Konfliktoloq, həmçinin qeyd edib ki, Avropa İttifaqı münaqişənin nizamlanmasına və münaqişədən zərər çəkən azərbaycan və erməni əhasilinin reabilitasiya olunmasına tövsiyələr verə bilər.
“Avropa İttifaqının institutları, xüsusilə Avropa Şurası və Avropa Komissiyası Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafında önəmli rol oynaya və hər iki xalqın bütün problemləri həll etməsi üçün imkanlar yarada bilər. Sülhün bərqərar olunmasına əngəl törədən siyasi qüvvələri aradan qaldıra bilər.
Bununla bərabər, Avropa İttifaqı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması, o cümlədən azərbaycan və erməni xalqları arasında qarşılıqlı etimadın bərpası üçün müsbət addımlar atmaq iqtidarındadır”.
Sonda Arzu Abdullayeva Qarabağda Azərbaycan və Erməni cəmiyyətlərinin birgə mövcudluğunun təmin edilməsində Qərb təşkilatlarının vasitəçilik etməsinin zəruri olduğunu vurğulayıb.
“Beynəlxalq insan hüquqları təşkilatları bölgədə sülh və sabit şəraitin yaradılması üçün yerli ermənilər və azərbaycanlılar arasında keçirilən danışıqlarda vasitəçilik edə və problemlərin həll olunmasına və manelərin aradan qalxmasına yol göstərə bilərlər. Eyni zamanda bu təşkilatlar Qarabağ ermənilərini onların hüquqlarının və azadlıqlarının Azərbaycan konstitusiyasına, eləcə də beynəlxalq konvensiyalara uyğun olaraq qorunacağına əmin edə bilərlər. Təşkilatlar, həmçinin bir monitorinq mərkəzi kimi hər iki tərəfin öhdəliklərini yerinə yetirməsinə nəzarət də edəcəklər. Bu həm Ermənistan, həm də Azərbaycan üçün əlverişli ola bilər”.
Yunis Abdullayev