Fransada səkkiz partiya və səkkiz namizədin qatıldığı prezident seçkiləri yüksək tempdə davam edir. Artıq aprelin 10-dan fransızlar öz namizədlərinə səs vermək üçün dairələrə üz tutur. Ən aktiv namizədlərdən “İrəli Respublika” partiyasından olan hazırki prezident Emmanüel Makron və onun rəqibi “Milli Cəbhə” partiyasının rəhbəri, qatı sağçı Marin Le Pen daha çox gündəmi zəbt etməkdədir. Aprelin 24-dək davam edəcək seçkilərin son mərhələsinin nəticələrinin isə bazar günü açıqlanması gözlənilir.
Ekspertlər isə seçkilərdə Makronun yenidən qələbə qazanacağını proqnozlaşdırırlar.
Məsələ ilə bağlı Ednews-a danışan fransalı siyasi ekspert Maksim Qauen deyir ki, son sorğu (45,5%-ə qarşı 55,5%) Makronun qələbəsini proqnozlaşdırır.
Lakin o, qeyd edib ki, Emmanüel Makron yalnız 2027-ci ilədək prezidentlik vəzifəsini icra etmək niyyətindədir.
“Makron bunu dəfələrlə özü də etiraf edib. Onun ikinci dəfə seçilməsi labüddür, lakin bu onun sonuncu dəfə seçkilərdə iştirakı olacaq”.
Söhbət zamanı ekspert ABŞ-da Trampın təcrübəsini misal çəkərək, Fransada keçirilən seçkilərin şəffaflığına da toxunub.
“Bu seçkilər 2016-cı ildə Trampın saxta səs toplayaraq zorla hakimiyyətə gəlişinə bənzəyə bilməz. Emmanüel Makronun səs çoxluğu hələ ötən həftə 66% təşkil edirdi. Bu, fikrimcə Marin Le Penə qarşı əsl sağlam bir rəqabətdir”.
Bundan əlavə Maksim Qauen Marin Le Penin seçiləcəyi təqdirdə Fransanın Britaniya kimi Freksit elan edəcəyi fikirlərinə də bəzi əsaslar gətirib.
“Freksit ideyası Marin Le Penin proqramının məntiqi əsasıdır. Əlbəttə onun seçiləcəyi təqdirdə, Britaniya kimi Fransanın da Aİ-dən ayrılaraq Fransada Freksit elan etməsi şübhəsizdir. Hətta qeyd edə bilərəm ki, 2011-2017-ci illərdə Fransanı Aİ-dən qoparmaq fikri Marin Le Penin təkliflərinin əsasını təşkil edirdi. 2017-ci ilin iki seçki bülleteni arasındakı fəlakətli debat Milli Cəbhəni dəyişməyə, daha aydın desək onu Breksit modelindən Polşa və Macarıstan modellərinə keçməyə məcbur etdi. Lakin bu reallıqdan daha çox görüntü sərgiləməkdə idi”.
Fikrini əsaslandıraraq ekspert Marin Le Penin Macarıstana etdiyi səfər barədə misal çəkib:
“Le Penin Macaristana səfəri və Baş nazir Viktor Orbanla görüşü təsadüfi hadisə deyil. Hətta Polşa hökuməti onun Ukraynadakı müharibə barədə fikirlərini dəstəkləməsə də, ona müəyyən qədər üstünlük verməyə çalışır”.
Marin Le Pen barədə deyilən iddiaları təsdiqləyən britaniyalı jurnalist Neil Uatson da, onun seçiləcəyi təqdirdə Fransanın Freksit-ə üz tutacağını deyib.
“Baxmayaraq ki, bir müddət əvvəl Le Pen Burqundiyada kampaniya zamanı bunu inkar edib, lakin onun əvvəllər də Fransanı Aİ blokundan çıxarmaq barədə fikirləri bunu deməyə əsas verir. Bundan əlavə, Marin Le Pen Fransa qanununun Aİ qanunlarından üstün olduğu iddialarını səsləndirib, və prezident seçiləcəyi təqdirdə ilk növbədə immiqrasiya məsələsinə nəzarət edəcəyini bildirib. O, açıq şəkildə bəyan edib ki, ölkəyə axının qarşısını almaq üçün sərhəd nəzarətini bərpa edəcək, bəzi mallara və yanacağa vergiləri azaldacaq. Ən təhlükəlisi isə onun Fransanı NATO-nun vahid komandanlıq strukturundan çıxarmaq barədə hədələyici fikirləridir”.
Jurnalist həmçinin, Le Penin Avropa İttifaqını dağılmağa doğru aparan siyasəti haqqında da fikir bildirib. Onun sözlərinə görə, Le Pen seçilərsə, kiçik millətçi fraksiyaların yaşadığı Macarıstan və Polşanın Aİ-dən çıxma ehtimalı arta bilər.
“Macarıstan ictimaiyyətinin qəti şəkildə Aİ-nin tərəfdarı olmasına baxmayaraq, Le Penin siyasi təsiri ilə Huneksit üçün qarşıda bir stimul yarana bilər. Bu eyni ilə Poleksit-ə meyillənə bilən Polşaya da aiddir. Fikrimcə, Aİ üçün bu hazırda böyük təhlükə olmasa da, Aİ siyasi rəhbərləri Rusiyanın təhlükəsi fonunda birliyi qoruyub saxlamağa çalışmalıdır. O ki, qaldı Le Penin qələbəsinə, onun seçilməsi qeyri-mümkündür. Çünki Marin Le Pen, partiyasını təmizləsə də, o, hələ də Holokostun şiddətini şübhə altına alan, ölüm cəzasını dəstəkləyən və irqi nifrətin qızışdırılmasına görə cəzalandırılan Jan-Mari le Penin qızıdır”.
Elnur Ənvəroğlu