Ötən gün Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında baş tutan telefon danışığında belə bir nəticəyə gəlmək olar ki, iki ölkə arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılması istiqamətində işləri davam etdirir.
Ümumiyyətlə, Ermənistan hazırda bu məsələdən yayınmaq istəsə də bu mümkün deyil. Məsələ ondadır ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası SSRİ dövrü xəritələri əsasında aparılacaq. Həmin xəritələr də hazırda Rusiyadadır. Prosesin bu xəritələr əsasında həll edilməsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də maraqlıdır. Təsadüfi deyil ki, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatında istinad edilir.
Sərhədlərin delimitasiyasının SSRİ-dən qalan xəritələr əsasında aparılması ümumilikdə Ermənistanın maraqlarına uyğun deyil. Çünki həmin xəritələrdə anklavlar, eksklavlar Qazaxın 7 kəndi kimi məsələlərdə öz əksini tapır. Lakin Ermənistanın seçim haqqı da yoxdur. Prosesin həlli istiqamətində ən konstruktiv yanaşma budur.
Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında baş tutan telefon danışığı Ermənistanın prosesdə iştirakından xəbər versə də aprelin 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhədinin pozulması cəhdi diqqət çəkir.
İlk olaraq qeyd edək ki, bu kimi təxribatların baş verəcəyi gözlənilən idi. Söhbət təkcə Paşinyan administrasiyasının prosesin seyrindən narazı olmasında deyil, daxildəki müxalifətin prosesə radikal mövqe sərgiləməsindən gedir. Paşinyan indiki məqamda istəməsə də Azərbaycanla mövcud reallıqlar əsasında danışıqlara getməyə məcburdur. Bunu ondan ilk növbədə Brüssel tələb edir. Qərb prosesin özünün moderatorluğunda bitməsini istəyir. Bu isə rəsmi Kremlin maraqlarına uyğun deyil. Rusiya onsuz da Avropanın Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə dair proseslərdə aktiv iştirakından narazıdır. Bununla belə tərəfləri narazı salmamaq üçün bu narazılığını hələ ki, gizlətməyə davam edir.
Rusiya indiki məqamda Ermənistan müxalifəti üzərindən həm Paşinyana təzyiq edir, həm də sərhəddə təxribatların törədilməsinə şərait yaradır. Səbəb isə aydındır. Kreml bununla Brüsseli prosesdən kənarlaşdıraraq moderatorluğu öz əlinə almaq istəyir. Bunu Aprelin 23-dəki təxribatda təsdiqləyir. Aydın məsələdir ki, hazırda Ermənistan ordusu daxilində Qarabağ klanına, əslində isə Kremlə sadiq qüvvələr var.
Ermənistan ən qısa zamanda ordu daxilində təmizləmə işləri aparmalıdır. Çünki bu kimi təxribatların yaxın günlərdə təkrarlanma ehtimalı yüksəkdir. Prosesin hansı qüvvənin nəzarətində həyata keçirilməsindən asılı olmayaraq Ermənistan bu proseslərdə məsuliyyət daşıyır. Rəsmi Bakı isə bu kimi təxribatlara uzun müddət səssiz qalmayacaq.
Turan Rzayev