Yaxın Şərq uzun müddətdir ki, geosiyasi təlatümlərin episentridir. Burada sülh – ancaq müvəqqəti təxirə salınmış müharibədir. Diplomatiya isə, çox vaxt, tərəflərin bir-birini yenidən vurmağa hazırlaşdığı fasiləyə deyilir. İran ilə İsrail arasında illərdir davam edən qarşıdurma bu həqiqətin ən təhlükəli təzahürüdür. Bu münaqişə yalnız iki dövlətin sərhədlərini yox, bütün regionun taleyini, enerji təhlükəsizliyini, məzhəbi balansları, beynəlxalq ittifaqları və informasiya axınlarını kökündən dəyişə biləcək strateji paradiqmadır.
Dünən İsrail Hava Qüvvələrinin İrana həyata keçirdiyi hücumların fonunda bu münaqişənin ənənəvi ssenarisinin dəyişəcəyi ehtimalı artıb ki, bu da bizi gələcəkdə baş verəcəkləri təxmin etmək üçün münaqişənin spesifikasiyasını dərindən analiz etməyə məcbur edir.
Əslində, İran–İsrail qarşıdurması klasik müharibə anlayışına sığmır – bu, çoxqatlı, çoxsəviyyəli mübarizədir: ideoloji, məzhəbi, texnoloji, diplomatik, proksi və informasiya müharibələrinin birləşdiyi hibrid sistem. İran özünü “müqavimət oxunun lideri” kimi təqdim edir, İsrail isə öz varlığını məhz bu “ox”un qarşısını almaq üçün legitimləşdirir. Və hər ikisinin mövqeyi, əslində, yalnız onların daxili siyasi gündəminin yox, qlobal güc münasibətlərinin də əksi kimi oxunmalıdır.
Bütün region bu qarşıdurmanın doğurduğu titrəyişin təsiri altındadır:
· Suriyada İran hərbi strukturlaşması,
· Livanda Hizbullahın artan silah gücü,
· Qəzzada HƏMAS-ın legitimlik iddiası,
· Yəməndə husilərin Qırmızı dənizdəki strategiyası –
bunlar hamısı bir mərkəzdən qidalanan sistemli müqavimət modelinin komponentləridir. İsrail isə bu çoxbaşlı şəbəkəni birbaşa milli təhlükə kimi görür, ona görə də "öncədən zərbə doktrinası" ilə bölgəni daim gərgin saxlayır.
Son dövrlərdə isə bu balans daha təhlükəli fazaya keçib: İran ilk dəfə birbaşa İsrailə hücum edib, İsrail isə Tehranın içərilərinə qədər cavab zərbələri endirib. Bu, artıq diplomatik jestlərlə kompensasiya oluna biləcək qarşıdurma deyil – bu, artıq müharibəyə çevrilmək üzrə olan bir geosiyasi yanğındır.
Bu məqalə, təkcə birbaşa münaqişəni yox, onun arxasında gizlənən böyük ssenariləri, təkanverici səbəbləri və gələcək ehtimalları çözmək məqsədi daşıyır. Çünki bu qarşıdurmanın necə bitəcəyindən asılı olaraq Yaxın Şərqdə ya yeni müharibə fəslinə, ya da çətin əldə olunan, lakin yeni balans doğuran strateji sülh dövrünə qədəm qoyula bilər.
İdeoloji və Hegemonik Savaş – Münaqişənin Görünən və Görünməyən Cəbhələri
İran–İsrail münaqişəsini sırf təhlükəsizlik və ya ərazi mübahisəsi kimi oxumaq onu sadələşdirmək olar. Əslində bu qarşıdurma Yaxın Şərqdə ideoloji hegemonluq uğrunda gedən soyuq və isti savaşların sintezidir. Bu savaşda tanklar və raketlər qədər narrativlər və simvollar da silaha çevrilib. Hər iki tərəf özünü yalnız fiziki təhlükəyə qarşı deyil, eyni zamanda mənəvi-siyasi düşmənə qarşı qoruyucu kimi təqdim edir. Bu isə savaşın təhlükə radiusunu xeyli genişləndirir.
İranın baxışı: Sionizmə qarşı müqavimət simvolu
İslam İnqilabından (1979) bəri İranın ideoloji doktrinası sionizmlə üz-üzə dayanmaq üzərində qurulub. İran İsraili təkcə bir dövlət kimi deyil, regionda “imperialist və Qərb agenti” kimi təqdim edir. Tehran özünün “məzlumların himayədarı” obrazını siyasi silaha çevirərək HƏMAS, Hizbullah, İraq şiə milisləri, Ənsarullah (husilər) və digər proksi qüvvələrlə “müqavimət oxu”nu yaratmağa nail olub. Bu ox vasitəsilə İran öz təsir dairəsini Fars körfəzindən Aralıq dənizinə qədər genişləndirib.
Bu strategiyanın ideoloji əsası anti-sionizm üzərində qurulsa da, faktiki olaraq bu, geopolitik mövcudluq və regionda nəzarət mübarizəsidir. İran nəinki İsrailə qarşı dolayısı hücumlar həyata keçirir, eyni zamanda bu mexanizmlə ərəb ölkələrinin xalq arasında nüfuz qazanmağa və onları öz orbitinə çəkməyə çalışır.
İsrailin yanaşması: Öz varlığını qorumaq üçün hərbi və texnoloji qalxan
İsrailin siyasi DNK-sında isə “təhlükə içində mövcudluq” paradigması mərkəzi yer tutur. Holokost travması, regionda düşmənlər tərəfindən əhatə olunması və əhalisinin sayı baxımından zəifliyi İsraili daimi ayıq vəziyyətdə qalmağa və qabaqlayıcı zərbə doktrinasına sövq edib. İranın nüvə ambisiyası və proksi qüvvələri isə bu travmatik təhlükəsizlik anlayışını daha da gücləndirib.
Tel-Əvivdə düşünürlər ki, İranın Qəzzadakı, Livandakı, Suriyadakı və İraqdakı təsir gücü təkcə “qonşu problemləri” deyil, dövlətin mövcudluğuna yönəlmiş bir koordinasiyalı strateji təhdiddir. Buna görə də İsrail 2000-ci illərin əvvəllərindən etibarən “məlum hədəflərə” qarşı hava hücumları ilə bu şəbəkəni sistemli şəkildə dağıtmağa çalışır.
Simvolik qarşıdurma: Yerusəlim və Qüds
Bu mübarizədə Qüds/Yerusəlim xüsusi bir metaforaya çevrilib. İran üçün bu şəhər sionizmin simvolik mərkəzidir və Qüds Günü yürüşləri ilə öz anti-sionist mövqeyini hər il gücləndirir. İsrail üçün isə Kudüs "əbədi və bölünməz paytaxt" statusunda olduğundan, bu ideoloji toqquşma yalnız ritorik deyil, siyasi və dini hakimiyyətin epik mərkəzinə çevrilib.
Hibrid qarşıdurmanın kodları
Bu qarşıdurmanın təhlükəli tərəfi odur ki, tərəflərin nəinki məqsədləri, hətta dilləri və dünyagörüşləri də bir-birinə ziddir. Birinin "dirəniş" dediyi şey, digərinin "terror" anlayışıdır. Birinin "müdafiə" kimi gördüyü addım, digərinə "işğal" və ya "provokasiya" təsiri bağışlayır. Bu səbəbdən real dialoq zəminləri getdikcə daralır, diplomatiya isə yalnız texniki səviyyədə saxlanılır.
İran–İsrail qarşıdurması, nəticə etibarilə, regionda ideoloji, məzhəbi və strateji sferalarda alternativ hegemoniyaların toqquşmasıdır. Bu toqquşma nəinki birbaşa müharibə, həm də alternativ gələcək modelləri arasındakı sivilizasiya çarpışması kimi başa düşülə bilər.
2024–2025 Eskalasiyası – Yeni Regional Mərhələ
Əgər 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə qarşı başladığı “Əqsa Tufanı” əməliyyatı Yaxın Şərqin təhlükəsizlik memarlığını silkələdisə, 2024-cü ilin yazından başlayaraq yaşanan hadisələr münaqişənin beynəlxalq eskalasiyaya keçə biləcəyinin ilk ciddi siqnalı oldu.
Ənənəvi olaraq, İran–İsrail qarşıdurması illər boyu proksi savaşlar vasitəsilə dolayı formada davam etmişdi. Lakin 2024-cü ilin aprelində İran ilk dəfə birbaşa İsrail ərazisini hədəf alan raket və dron hücumları ilə gündəmə gəldi. İsrail isə bu hücuma Tehranın mərkəzinə qədər nüfuz edən cavab zərbəsi ilə qarşılıq verdi. Hər iki tərəf bu hücumları "simvolik" adlandırsa da, bu artıq simvolizmi keçmiş, strategiyaya çevrilmiş mərhələnin başlanğıcı idi.
HƏMAS hərəkatı – planlı xaosun başlanğıcı
2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi hücum öz intensivliyi və qəfil başlanması ilə regionda yeni bir epoxanı açdı. Bu hücumun ardınca İsrailin Qəzzaya qarşı başlatdığı genişmiqyaslı və mülki infrastrukturu hədəf alan hərbi əməliyyatlar artıq “qarşıdurma” yox, etnik miqyaslı hərbi fəlakət statusu qazandı.
İran bu mərhələdə diplomatik ritorika ilə kifayətlənmədi: onun dəstəklədiyi qüvvələr – Hizbullah, husilər, İraq şiə milisləri – sinxron şəkildə İsrailə qarşı hücumlar təşkil etdi. Bu, koordinasiyalı geosiyasi cavab mexanizmi idi.
İranın birbaşa raket hücumu: Qırmızı xəttin keçilməsi
2024-cü ilin aprelində İranın 300-dən artıq pilotsuz uçuş aparatı və ballistik raketlə İsrailə hücum etməsi yalnız texniki və taktiki deyil, geosiyasi məna yükü daşıyırdı. Bu hadisə ilə İran ilk dəfə diplomatik maskasını tamamilə çıxartdı.
Səbəb rəsmi olaraq Dəməşqdə İran konsulluğuna endirilmiş İsrail zərbəsi və orada öldürülmüş İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri idi.
Bu cavab yalnız qisas deyil, çoxqütblü dünyada yeni diplomatik dilin nümayişi idi:
– “Əgər ABŞ və İsrail qayda pozursa, biz də pozarıq” mesajı.
Buna cavab olaraq İsrailin İsfahan ətrafına dron hücumu və Tehranın hava məkanını bir neçə saat bağlaması göstərdi ki, artıq hər iki tərəf üçün eskalasiya tabu deyil, rasionallaşdırılmış seçimdir.
Ərəb Dünyasının sükutu – Yeni Səddin Yaranması
Bu gərginlik fonunda diqqət çəkən ən önəmli faktor isə ərəb ölkələrinin reaksiyası oldu. Ənənəvi olaraq Fələstin məsələsində həmrəy görünən ərəb liderləri bu dəfə İranın aktivliyinə qarşı susqun, İsrailin mövqeyinə qarşı isə tədbirli və diplomatik yanaşma sərgilədilər.
Səudiyyə Ərəbistanı, BƏƏ, Misir kimi dövlətlər İranın artan təsirindən ehtiyatlanaraq, Qərblə və dolayısı ilə İsraillə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirdilər.
Bu isə Yaxın Şərqdə “Ərəb–İran soyuqluğunun” İsrail üçün strateji fürsət pəncərəsi yaratdığını göstərdi. Siyasi mənzərə artıq Qərb-Şərq ayrımı deyil; məzhəbi qütbləşmə və geosiyasi maraqlar əsasında yenidən cızılır.
Enerji və Ticarət Xəritəsində Titrəyiş
İranla İsrail arasında baş verə biləcək genişmiqyaslı münaqişə, təkcə Yaxın Şərqi deyil, bütün dünya iqtisadiyyatını silkələyə biləcək nəticələr doğura bilər.
– Hörmüz boğazının bağlanması ehtimalı,
– Qırmızı dənizdə husilərin ticarət gəmilərinə hücumları,
– İran–Səudiyyə münasibətlərinin destabilizasiyası,
– Livan və Suriya ərazisindən hərbi tranzitin artması –
bunlar neft qiymətlərindən tutmuş, beynəlxalq ticarət marşrutlarına qədər hər şeyə təsir göstərəcək.
2024–2025-ci illər arasında yaşanan bu hadisələr artıq sadə qarşıdurma yox, regional barometrə çevrilib.
Sülh perspektivi, yoxsa genişmiqyaslı müharibə riski?
Hazırkı konfiqurasiyada hər iki tərəf – həm İran, həm də İsrail – daxili auditoriyasına güc nümayiş etdirməyə, xarici tərəfdaşlara isə mövqeyini qorumağa çalışır. Lakin bu oyun tək oyunçulu deyil. ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, Körfəz Əməkdaşlıq Şurası – bu münaqişənin real və potensial tərəfdaşlarıdır.
Bu səbəbdən qarşıdurmanın növbəti mərhələsi artıq yalnız regional müstəvidə deyil, qlobal diplomatiyanın sınandığı məkan olacaq.
Şahlar Ruhi