“Təsadüfi deyil ki, bu forum məhz Azərbaycanda, Bakıda keçirilir. Bu şəhər həqiqətən multikulturalizmin və tolerantlığın dünya paytaxtı hesab edilir”.
"Eurasia Diary" xəbər verir ki, belə bəyanatla Bakıda keçirilən "Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu" mövzusunda beynəlxalq konfransda ADA Universitetinin professoru Roald Saqdıyev çıxış edib. O, SSRİ kosmik tədqiqatlar İnstitutuna rəhbərlik edib və Şərq-Qərb elmi araşdırmalar Mərkəzinin sədri olub, NASA ekspertidir və nüvə qəzasının qarşısının alınması üzrə Beynəlxalq Lüksenburq forumunun Müşahidə şurasının üzvüdür.
"Bakı Şərqlə və Qərbin arasında yerləşir və əsrlər boyu tacirlər İpək Yolundan istifadə ediblər. Buna görə, məhz Bakı multikulturalizm və tolerantlıq məsələsində öz təcrübəsini bölüşə bilər"-professor deyib.
Roald Saqdıyevin fikrincə, indi dünya böyük problemlə üz-üzə qalıb. “Mən Şərqdən və Cənubdan kütləvi miqrasiyanı nəzərdə tuturam. Avropaya 1 milyondan çox qaçqın gəlib. Bəziləri belə bir fikir yürüdürlər ki, Avropa Birliyi öz qapılarını miqrantlara açmalıdır. Amma mən əminəm ki, Avropa Parlamenti prosesi izləyir və öz sakinlərinə zərər verməmək üçün imkanlarını nəzərdən keçirir".
Saqdıyev hesab edir ki, tolerantlıq məsələlərində medianın rolu xüsusidir, çünki media bəşəriyyətin istənilən aspektinə təsir imkanına malikdir. "KİV yalnız sadəcə xəbər, məlumat vermir, məhz ictimai rəyi formalaşdırır. Buna görə jurnalistlər anlamalıdır ki, onlar xüsusilə siyasətə obyektiv yanaşmalıdırlar".
"Mən ümid edirəm ki, sosioloqların, politoloqların və KİV-in birgə işi düzgün istiqamətdə gedəcək və kütləvi miqrasiya və qlobal istiləşmə problemlərinin həllinə kömək edəcək", - professor Saqdıyev bildirib.
Foto: Qurban Bəkirzadə