Türkiyənin Siirt bölgəsinin Pərvari ilçəsində zirehli texnikanın keçidi zamanı yol kənarında quraşdılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 əsgər yaralanıb.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, yaralı əsgərlər helikopterlə xəstəxanaya çatdırılıb.
Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başladılıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə müsahibəsində bildirib ki, ölkənin şərqində bir yük maşınının partladılması nəticəsində 3 nəfər həlak olub. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin dövlət başçısı deyib: “Açıq-aşkar görünür ki, yük avtomobili bomba ilə yüklənib”.
İnsident ölkənin Hatay vilayətinin Reyhanlı rayonunda baş verib. Ölənlərin hamısının Suriya vətəndaşı olduğu bildirilir. R.T.Ərdoğan həlak olanların ailələrinə başsağlığı verib, terror aktını törədənlərin öz cəzalarını alacaqlarını bildirib.
Bundan əvvəl isə Hatay valisi Rəhmi Doğan bildirmişdi ki, insidentin səbəbi məlum deyil. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını və polis qüvvələri cəlb olunub.
***
Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib. Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, partlayış vilayətin Reyhanlı rayonunda qeydə alınıb.
Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.
Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.