Xocavənd rayonunda iki top mərmisi və tank əleyhinə mina tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Eurasia Diary-ə verilən məlumata görə, bu gün 06:53-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonunun Ağburun adlanan ərazisində 2 ədəd mərminin və 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd tank əleyhinə TM-62 minası və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-57) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mina və mərmilərin ətrafında 160 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.