“Qarabağ artıq 28 ildir ki, qanla bəslənənlərin məkanına çevrilib. Burada ABŞ, Fransa, Avropa İttifaqının digər dövlətləri, habelə Rusiya, İran Qarabağdakı gərginliyin birdəfəlik sona çatmasından və sülhün bərqərar olmasından narahatdırlar. Əgər daha obyektiv yanaşma ilə desək, burada adı çəkilən tərəflərin 200 illik gəlir mənbəyi kimi gördükləri Qarabağ əldən getdi. Çünki həqiqətən də Azərbaycanın Qarabağ müharibəsi 200 iilik hesablaşmaya dayanır. Yəni bu imkanları itirən tərəflər hər zaman həm Azərbaycan, həm də Ermənistana silah-sursat satmaqla belə öz mənfəətlərini genişləndirmək məqsədi güdüblər”.
Bu sözləri Türkiyənin sabiq general mayoru Yücəl Karaüz Qarabağdakı baş verən hərbi vəziyyətlə bağlı Ednews-a açıqlaması zamanı deyib. O, ortada olan sülh sazişləri və birgə bəyanatlar, habelə Türkiyənin də dəstəyi olduğu halda baş verənləri bir özbaşınalıq adlandırıb.
“Baş verən hadisələr qəbul edilə bilməz. Çünki 10 noyabr sazişi, Moskvada imzalanan birgə bəyanatlar, Brüssel görüşləri, Azərbaycan və Ermənistan Xİ nazirlərinin Gürcüstandakı görüşləri və hətta Türkiyənin Ermənistanla əməkdaşlıqla bağlı təşəbbüsləri ortada ikən Ermənistanın verdiyi sözə xilaf çıxaraq Qarabağda terrorçuluq əməliyyatları həyata keçirməsi bütün qanunlara ziddir”.
Türkiyəli general bu cür addımın həm daxillə, həm də xariclə əlaqəli olduğunu bildirib.
“Heç şübhə edilməməlidir ki, Ermənistanın bu cür addımının həm daxili, həm də xarici qüvvələrlə bir əlaqəsi var. Belə olan halda Azərbaycanın öz ərazi bütövlüyünün təhlükəsizliyinin təminatı üçün anti-terror əməliyyatlarına başlaması tamamilə qanunidir və Ermənitan tərəfi bunu anlamadığı təqdirdə Azərbaycan ordusunun bundan artığını da etmək hüququ vardır. Fikrimcə bu, xəbərdarlıq məqsədi ilə bütün dünyaya bəyan edilməlidir. Misal olaraq qeyd edimki, Azərbaycanın İranla təxminən 130 km-lik sərhəddinin 28 il düşmən tapdağı altında qalmasına baxmayaraq, İran hakimiyyəti bu günədək sərhədlərinin təhlükəsizliyinə bu günədək səssiz qalıb. Lakin həmin sərhədlər həqiqi sahibi tərəfindən işğaldan azad edildikdə İran sanki yuxudan səksənib oyanaraq bunu yolverilməz hesab etdi. Eynilə Rusiya sülhməramlı kontingentinin 5 illik müqavilə əsasında fəaliyyəti hələ də bu günədək bir fayda verməyib”.
Yücəl Karaüz həmçinin sülhməramlıların erməni silahlılarına dəstəyini pislyərək bunu qanuna zidd hesab edib. O, həmçinin Türkiyənin baş verənlərə reaksiyası barədə də söz açıb.
“Sülhməramlıların vəzifəsi nəinki qarşı tərəfə yardım etmək, hətta neytrallığı qorumaqla xidmət göstərdiyi ərazidə sülh və sabitliyi qorumaqdır. Sülhməramlı qoşunlar həm də 10 noyabr sazişinin bir parçası hesab edilir.
Təbii ki, olanlar Türkiyənin nəzərindən yayınmır və bu Şuşa bəyannaməsinin şərtlərinə görə də Qarabağda erməni silahlılarının hərəkətləri Türkiyənin özünə qarşı edilən bir terror əməliyyatı hesab edilir. Xatırladım ki, “Ankaranın təhlükəsizliyi Bakıdan, Bakının təhlükəsizliyi də Ankaradan keçir”,- deyə Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə qeyd edib. Bunu bir daha altından xətt çəkərəq qeyd etməliyəm ki, Azərbaycan əsgərinə və ərazisinə qarşı hər hansı bir terror hücumu olduğu halda Türkiyə bütün qüvvəsi ilə Azərbaycan ordusunun yanında yer alacaq.
Bununla yanaşı, Türkiyənin Ermənistan dövləti ilə heç bir problemi yoxdur. Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq niyyəti əslində Qarabağdalı sülhün bərqar olması məqsədilədir. Bu səbəbdən də Ermənistanın bu qanunsuz fəaliyyətini durduracağına ümid edirik. Əks halda münasibətlərlə bağlı bütün təşəbbüslər birmənalı şəkildə dayandırılacaq”.
Elnur Ənvəroğlu