Xəbər verdiyimiz kimi, Ukrayna Rusiya ərazisinə hücum edib. Təxminən 50 nəfərdən ibarət Ukrayna diversiya-kəşfiyyat qrupu (DKQ) Bryansk vilayətinin Suşanı kəndini girov götürüb. Sosial şəbəkələrdə kəndin tibb mərkəzinin girişinin yaxınlığında video paylaşılıb. Videoda onlar “Məqsədimiz mülki əhali ilə döyüşmək deyil. Biz Rusiyanı Kreml rejimindən azad etmək istəyirik” deyə şüarlar səsləndiriblər.
Məsələ ilə bağlı Ednews-a danışan hərbi ekspert Ədalət Verdiyev belə hücumların qarşısını almaq Rusiya üçün çətin olacağını deyib. O, qeyd edib ki, müharibənin bir illiyi ərəfəsində hər iki tərəfin hücum əməliyyatlarına hazırlaşdığı məlum idi.
“Tərəflərdən heç biri bunu gizlətmirdi. Ukrayna gözlənildiyindən daha erkən və tam fərqli şəkildə artıq iri miqyaslı, böyük tərkibə malik qoşun birləşmələri ilə deyil, müəyyən könüllülər korpusunun, kəşfiyyat diversiya qruplarının köməyi ilə döyüş əməliyyatlarını Rusiya ərazisinə keçirə bilib. Bu diversiya qruplarını zərərsizləşdirmək üçün Rusiyanın artilleriya və raket zərbələrindən istifadə imkanları çox məhduddur. Digər tərəfdən isə bu qrupların fəaliyyətləri müəyyən PUA zərbələri ilə də müşahidə oluna bilər”.
Hərbi ekspert əlavə etdi ki, nəticə etibarı ilə hazırda Rusiya üçün çox da xoşa gəlməyən və geri dönüşü olmayan fəaliyyətlər izləyəcəyik.
“Bu fəaliyyətlərin Rusiya üçün nə qədər təhlükəli olduğunu nəzərə alan Vladimir Putin də hazırda Təhlükəsizlik Şurasının iclasını keçirir. Görünən odur ki, bu iclasda Rusiyanın güc strukturlarının rəhbərləri, o cümlədən hava hücumundan müdafiə qoşunlarının, federal sərhəd xidmətinin rəhbərləri Putin tərəfindən məzəmmət olunacaq. Hətta bəziləri cəzalandırılacaq”.
Əbülfət Baxşəli