Lənkərana dəmir yolu ilə sərnişindaşıma xidmətinin olmaması bölgə sakinləri üçün ciddi narahatlıq doğuran məsələlərdən biridir. Vaxtilə Bakı-Lənkəran istiqamətində sərnişin qatarları fəaliyyət göstərsə də, son illərdə bu xidmət tamamilə dayandırılıb. Uzun məsafəli avtobus səfərlərinin yorucu olduğunu nəzərə alsaq, Bakı-Lənkəran dəmir yolu xəttinin yenidən bərpa edilməsi məsələsi gündəmə gəlir.
Bəs Lənkərana dəmiryolu xəttilə sərnişin daşınması niyə həyata keçirilmir?
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu istiqamətdə sərnişindaşıma nəzərdə tutulmur:
“Yol infrastrukturu köhnəlib, sərnişindaşımaya yararlı deyil. ADY yol infrastrukturunu yenilədikcə pandemiyadan əvvəl fəaliyyət göstərmiş reyslərin mərhələli şəkildə bərpası həyata keçirilir”, - deyə açıqlamada qeyd olunub.