Bu gün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) regional təhlükəsizlik üzrə mütəxəssisi Asim Rehman Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub.
BAMF-ın mətbuat xidmətindən verilən məlumata görə, qonağa BAMF-ın fəaliyyəti və hədəfləri haqqında məlumat verən fondun sədri Umud Mirzəyev bildirib ki, fond buna qədər UNİCEF-lə birgə, əməkdaşlıq çərçivəsində bir çox ciddi layihələrə imza atıb.
“Həmin layihələrdən biri də məhz Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNİCEF-in maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin iştirakı ilə Azərbaycanın ümumilikdə 21 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı”dır. Bu layihə ümumilikdə 1500-dən çox gənci əhatə edərək, ölkənin bölgələrində qərarların qəbul olunmasında, ekologiya, fərdi inkişaf, işlə təmin olunma və pis vərdişlərə qarşı mübarizə sayəsində gənclərin lokal layihələr hazırlamasına böyük tövhə verib”,- deyə Umud Mirzəyev qeyd edib.
Bununla yanaşı fond sədri BAMF-ın Tərtər regional Peşə Mərkəzinin fəaliyyətindən, o cümlədən müharibədən zərər çəkmiş ərazilərdə fondun gördüyü işlər barəsində qonağı məlumatlandırıb. Görüşdə gələcək əməkdaşlığın perspektiv imkanları da müzakirə olunub.
Qeyd edək ki, müzakirələrdə UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova da iştirak edib.