Əməkdar İncəsənət xadimi, bəstəkar Tahir Əkbər dəfn olunub.
Təzə Pir məscidində vida mərasimi keçiriləndən sonra bəstəkarın cənazəsi "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
***
Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahir Əkbərlə hazırda Təzə Pir məscidində vida mərasimi keçirilir.
Vida mərasimində bəstəkarın ailə üzvləri və yaxınları ilə müğənni Elza Seyidcahan, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Faiq Sücəddinov, Hacı Nuran və başqa tanınmış sənət adamları iştirak edib.
Göz yaşlarını saxlaya bilməyən Elza Seyidcahan təəssüratlarını bizimlə bölüşüb.
E.Seyidcahan etiraf edib ki, bəstəkarın son günlərində onun yanında olmadığı və ona dəstək ola bilmədiyi üçün özünü günahkar hiss edir:
“Çox sarsılmışam, özümü bağışlaya bilmirəm ki, onu görməyə getmədim. Çünki onun nə bacısı, nə də qardaşları var idi. Ona görə də Tahir Əkbərə biz sənətçilər dəstək olmalı idi. Təəssüf ki, ola bilmədik. Onun ölümü Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Ruhu şad olsun”.
***
Hazırda Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Tahir Əkbərlə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Vida mərasiminin ardından bəstəkar bu gün “Qurd qapısı” qəbristanlığında dəfn olunacaq.
Xatırladaq ki, 72 yaşlı bəstəkar uzun müddət idi ki, beyin insultundan əziyyət çəkirdi. T.Əkbər ötən gün vəfat edib.