Bu gün kinorejissor və ssenarist Şamil Əliyevin doğum günüdür.
Şamil Əliyev 1960-cı il iyunun 26-da Bakıda anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət İnstitutunu bitirdikdən sonra "Azərbaycan film" kinostudiyasında kinorejissor vəzifəsində çalışıb. Onun “Etiraf” adlı ilk filmi müstəqil şəkildə çəkilib. Müxtəlif yerli telekanallarda da rejissor kimi çalışıb. Cənab Əliyev televiziyada bir sıra layihələrin müəllifi və rejissoru olub. Onların arasında Alfred Hiçkok, K. Zanussi, Andrey Tarkovski və s. kimi kinematoqrafçılara həsr olunmuş "Film Media", "Kinematoqrafiya" və "Klassiklər və müasirlər" yer alıb. 1999-cu ildə o özünün “Təsadüfi Görüş” fantastik dramını çəkib. O eyni zamanda NURFİLM Prodüser Mərkəzinin təsisçisi və direktorudur.
Şamil Əliyev yaradıcılığında "Çölçü" bədii filmi xüsusi yer tutur. 2013-cü ildə “Çölçü” Azərbaycan filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə dünyanın əsas kino mükafatı olan “Oskar”ın uzun siyahısına daxil edilmişdi. Həmin ilin mayında bu filmə görə "Humay" milli mükafatına layiq görülüb. 2017-ci ildə Kəlküttə Beynəlxalq Kult Film Festivalı çərçivəsində "Çölçü" filmi ilə “Qızıl tülkü” mükafatını qazanıb. Film ümumilikdə 37 beynəlxalq kino festivalında iştirak edib, 14 mükafat qazanıb. Qeyd edək ki, Azərbaycanda bu göstəriciləri olan ikinci belə film yoxdur.