Dekabrın 10-da Muğam Mərkəzində “Ölüm hökmü-ömürlük cəza” filminin təqdimat mərasimi keçirilib.
Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanıb.
Tədbirdə çıxış edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, ulu öndər Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin təqdimatının Beynəlxalq İnsan Hüquqları Günündə keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.
"Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb. M.Əsgərov filmdə ölüm hökmü alanların və bu hökmü yerinə yetirənin həyəcanlı müsahibələrinə geniş yer verildiyini qeyd edib.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin ən ali məqsədlərindən olduğunu deyib. Səbinə Əliyeva 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmünün ləğv edilməsinin böyük əhəmiyyətə malik hadisə olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxışında müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətdən bəhs edib.
Azay Quliyev Ümummilli Liderin mükəmməl dövlətçilik konsepsiyası sayəsində ölkəmizdə hüquqi dövlətin qurulduğunu, vətəndaş cəmiyyətinin bərqərar olduğunu, söz, mətbuat, vicdan azadlıqlarının təmin edildiyini vurğulayıb. Şura sədri Azərbaycanın Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmasının beynəlxalq platformalarda hər zaman iftixarla xatırladıqlarını deyib.
Sonra film nümayiş etdirilib.