Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyində Zəfər Günü təntənəli şəkildə qeyd olunub. Səfirliyin baş qərargahında Şanlı Qələbə Günü münasibətilə böyük tədbir təşkil edilib.
Ednews xəbər verir ki, mərasimdə bir qrup misirli diplomat, akademik, tədqiqatçı, jurnalistlər və Qahirənin Azərbaycan icması iştirak edib.
Tədbiri çıxış sözü ilə açan Azərbaycanın Misir Ərəb Respublikasının Respublikasına yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov ilk olaraq, qonaqları salamlayıb. Daha sonra o, 44 gün sürən müharibədə əldə olunan Zəfər və Qarabağın işğaldan azad edilməsinin ildönümü ilə bağlı tədbirdə iştiraklarına görə qonaqlara minnətdarlığını bildirib.
Cənab Poluxov, həmçinin döyüşlərin başa çatdığı gündən Azərbaycan hökumətinin işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi yenidənqurma işlərindən, orada olan çətinlik və maneələrdən, partlamamış hərbi sursatların günahsız insanların həyatı üçün yaratdığı təhlükələrdən də danışıb.
Nitqi zamanı səfir Misir-Azərbaycan əlaqələrinə toxunaraq, iki qardaş ölkə arasında əlaqələrin inkişafı və prespektivləri haqqında da söz açıb.
Tədbirdə səfirin müşavir müavini Ramiz Vəliyev, Azərbaycanın konsulu Nicat Əliyev, Azərbaycanın Qahirədəki səfirliyinin əməkdaşları və Misirdə Azərbaycan Diasporunun sədri tədqiqatçı-alim Seymur Nəsirov da iştirak ediblər.
Rəna Mürşüd