Xəbər veridiyimiz kimi, bu gün Xalq artisti Ramiz Novruz vəfat edib. Mədə xərçəngindən əziyyət çəkən aktyor 67 yaşında dünyasını dəyişib.
Bununla bağlı sənət adamları Ednews-a özəl olaraq sənətkar haqqında öz xatirələrini bölüşüblər.
Əməkdar artist Dilarə Əliyeva bildirib ki, bu itki Azərbaycan incəsənəti üçün çox ağırdır.
“Gözlərimizə inana bilmirik. Son zamanlar hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə zəng vurmuşdum, amma geridönüş etmirdi. Bu gün böyük sənətkarımızı itirdik”.
Aktrisa bildirib ki, Ramiz müəllim çox istədiyi adamlar ilə zarafat etməyi sevirdi.
"Onun yumor hissi çox güclü idi. Bir dəfə dedi ki, Dilarə heç fikir vermisən filmlərdə kinolarda alınmayan kadrlar adlı videolar yayımlayırlar. Guya ki, o birilər alınıb axı”.
D.Əliyeva aktyorun danışmağı, gülməyi çox sevdiyini vurğulayıb.
“Ona görə də indiyə kimi xəstəliyini insanlardan gizlədirdi”.
İctimai xadim Hacı Nuran isə Ramiz Novruzu bu sözlərlə xatırlayıb. “Yadımdadır ki,verilişdə aparıcılığa başlayanda Ramiz müəllim bizim qonağımız olmuşdu. Bizim proqramımız haqqında da xoş sözlər söyləmişdi”.
Hacı Nuran onu da qeyd edib ki, Xalq artisti çox gümrah insan idi.
“Xəstə olduğunu da insanlara bildirmirdi. Sonuncu dəfə onunla toy mərasimində görüşmüşdük. Uşaqlığımızdan Həzi Aslanov rolu ilə yaddaşlarımızda qalıb. Hamımızın başı sağ olsun”.
Ayan Rzazadə