Ədəbi aləmdə yazılan əsərlərin dəyərləndirilməsi üçün müxtəlif qurumlar tərəfindən ədəbi müsabiqələr keçirilir. Müsabiqədən sonra müəlliflərin narazılıqları, etirazlar da öz yerində olur. Kimisi müsabiqənin ədalətsiz olduğunu deyir, kimisi də yarışmanın qalibinin əvvəldən təyin edildiyini bildirir. Yazarlar ədəbi müsabiqələrin daha da genişlənməsinin və davamlılığın tərəfdarıdırlar.
Ədəbiyyat müsabiqələri Azərbaycanda nə dərəcədə şəffafdır? Niyə müsabiqələrdə əksərən yaşlı nəslin nümayəndələri mükafat qazanır?
Ednews mövzu ilə bağlı tanınmış yazıçılardan, şairlərdən münasibət öyrənib. Cavabları təqdim edirik:
Yazıçı Həmid Herisçi mövzu ilə bağlı qısa və lakonik danışdı:
“Dəyərləndirilmişi satmaq asandı. Dəyərini verincə, səni reallığın bit bazarında satacaqlar. Yazar tayfası satılmağı, özü sevir. Bəndəniz, belələrindən deyil”.
Şair Aqşin Yenisey bildirdi ki, Azərbaycanda müsabiqələr, adətən, müsabiqə keçirənlərə motivasiya vermək üçündür.
“Həm ona görə mükafatlar əsərin deyil, müəllifin nüfuzuna görə verilir. Həm də yeni nəsil artıq öz gücünü bu cür xalaxətir müsabiqələrlə ölçmədiyi üçün onlara qatılmırlar. Müsabiqə, mükafat düşkünü olanların çoxu köhnə düşüncəli adamlardı”.
Yazar Sevinc Elsevər isə məsələyə geniş aspektdən yanaşdı:
“Keçirilən müsabiqədən-müsabiqəyə dəyişir şəffaf olub-olmamağı. Son dövrlərdə şəffaf keçirilən müsabiqələr çoxalıb. Təəssüf ki, bizdə hələ də şəffaflığına şübhə duyduğumuz müsabiqələr var. Bu, yəqin ki, hər zaman belə olacaq. O ki qaldı yaşlı qaliblərə. Məncə, yaş əhəmiyyət daşımamalıdır. Ancaq məsələ bundadır ki, Azərbaycanda ahıl yaşda olan yazarlar da gənclərlə bərabər müsabiqələrə qatılırlar, tez-tez də yer tuturlar. Deyə bilərik ki, onlar gənclərin qabağını kəsirlər. Yaxud bu yaşa çatıblar, ancaq özlərindən bədgümandırlar, kiməsə, hələ də nəsə sübut eləməyə çalışırlar. Lakin bunu kasıb və yaşlı yazarlara bağışlayıram həmişə. Çünki heç kimə sirr deyil ki, bizim ölkədə ədəbiyyat qarın doyurmur. Bədii mətnlərə verilən qonorarlar çox aşağıdır, hətta ağlamalı vəziyyətdədir. Deyərdim heç yoxdur. Baxırsan adamın 65 yaşı var, 18-20 yaşında uşaqlarla müsabiqəyə qoşulub. Düzdür, bu qol gücü deyil ki, deyəsən yaşlıdır gücü yoxdur, cavandır, yıxacaq. Yaxud böyük adamdır, uşağa qalib gələcək. Ancaq öz sözünü illərlə demiş, qələmini sübut eləmiş adam gəlib müsabiqədə özüylə yaşıd adamın əlindən mükafat alır”.
Yazar xanımın sözlərinə görə, son illər qoşulduğum müsabiqələrdə niyyətim pul qazana bilmək olub. Çünki üç bala böyüdürəm, üç bala oxuduram, iş axtarışında sərgərdan olmuşam, iş tapa bilmirəm.
“Ümidim ona qalır ki, hansısa müsabiqədə yer tutaram, bir az əlimə pul keçər, bir dərdimə xərcləyərəm. Yəqin hamı da mənim kimi. O ki qaldı niyə yaşlılara tez-tez yer verirlər? Ola bilər hörmət əlaməti kimi. Yaxud şəxsi münasibətlərə görə. Bizdə mentalitet də var axı. O boyda ağsaqqal dura-dura dünənin uşağına mükafat verməyəcəyik ki? Mənimçün fərqi yoxdur. Bu ölkədə hər şeyə öyrəncəliyəm və ölkəmlə barışıq içindəyəm. Nəhayət ki, qırx yaşa qədər bunu bacardım. Yoxsa çətin olardı”.
Yazar Günel Natiq hesab edir ki, ədəbiyyat müsabiqələri obyektiv aparılmır. Bəzi hallarda qaliblər hətta əvvəlcədən müəyyən olunur; müsabiqə qaliblərinin hekayələrini oxuyanda bu qənaətə gəlirəm.
“Yaşlı nəslin nümayəndələri daha çox qalib seçilir, çünki tanınmış imzalara, hekayənin necəliyindən asılı olmayaraq, daha çox üstünlük verilir. Bir dəfə bir müsabiqə ərəfəsində, 3-4 il əvvəl, şərtləri öyrənmək üçün Mədəniyyət Nazirliyinə zəng vurdum, söhbət əsnasında "Müsabiqə həqiqətən obyektiv keçirilirmi?" sualını ünvanladım. Nazırlikdə hansısa şöbənin müdiri olan həmin şəxs (hazırda işdən çıxarılıb) müsabiqənin şəffaf aparıldığını dedi və buna sübut kimi bu arqumenti irəli sürdü: "Buyurub ötən illərdəki müsabiqələrimizin qaliblərinin adlarıyla tanış ola bilərsiz, hamısı tanınmış imzalardır". Bu "arqumentin" özü bütün gerçəkliyi ortaya qoyur.
Əslində isə belə müsabiqələrin məqsədi imzası hələ tanınmamış istedadlı gəncləri ortaya çıxarmaq, onlara özünü göstərmək üçün şans verməkdir. Ümumiyyətlə, özəl qurumlarda keçirilən şeir, hekayə müsabiqələrinin də obyektivliyinə şübhə edirəm, məncə cəmiyyəti saran ədalətsizlik bütün sferalarda özünü göstərir”.
Oğuz