Noyabrın 22-də Misirin məşhur “Əxbar əl-Ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarıq ət-Tahir Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
"Eurasia Diary"yə verilən məlumata görə, görüşdə mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa geniş məlumat verərək, Azərbaycanda ərəb ədəbiyyatına olan maraqdan, Bakıda fəaliyyət göstərən ərəb ölkələrinin səfirlikləri ilə qurulmuş əlaqələrdən və layihələrdən söz açıb.
Direktor, həmçinin bir müddət əvvəl Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş məşhur Misir yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Bildirçin və payız” kitabının oxucular tərəfindən maraqla qarşılandığından, Azərbaycan ədəbiyyatının dünyada, eləcə də ərəb ölkələrində tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb: “Bu layihələrdən ən mühümü, əlbəttə ki, hazırda müxtəlif dillərdə dünyaya təqdim etməkdə olduğumuz “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”dır. Bu kitab artıq rus, türk və ingilis dillərində çap olunub. Yaxın günlərdə nəşrin ərəb dilində Misirdə işıq üzü görəcəyi gözlənilir”.
Öz növbəsində, rəhbəri olduğu mətbu orqanın 25 illik fəaliyyətindən danışan Tarıq ət-Tahir 20-dən çox ərəb ölkəsinə yayılan qəzetin əsas fəaliyyət istiqamətlərindən birinin - aparıcı dünya ədiblərinin ərəb dünyasına tanıdılması olduğunu bildirib. Azərbaycan ədəbiyyatının ərəb dünyasına təqdim edilməsi və tanıdılması istiqamətində Tərcümə Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu bildirən naşir, həmçinin Mərkəzin saytını xüsusi maraqla izlədiyini və görülən işlərin ölkələr və xalqlar arasında ədəbi əlaqələrin təşkilində mühüm rol oynadığını söyləyib.
Sonda qonağa Mərkəzin ərəb dilində kataloqu və nəşrləri hədiyyə edilib.