“Rusiya-Ukrayna müharibəsi dünya ərzaq təhlükəsizliyinə ciddi problemlər yaradacaq”.
Bu sözlər iqtisadçı Asif İbrahimov hazırda dünyada yaşanan buğda qıtlığından danışarkən deyib. O, bu fikirləri Ednews-a açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycana daha çox və ucuz qiymətə buğda idxal edən ölkə idi.
“Rusiya və Ukrayna buğda və dənli bitkilərin dünya üzrə ixracının 30 % payına sahibdir. Buğda ixracının təqribən 20 % -i Rusiyanın, 7,8 %-i isə Ukraynanın payına düşür. Bildiyimiz kimi, Ukrayna bu tip məhsullarını Qara dəniz vasitəsi ilə dünya bazarına çıxarır. Hazırda Ukraynanın limanları Rusiyanın işğalı altında olduğu üçün buğda ixracı da demək olar ki, iflic vəziyyətindədir”.
İqtisadçı həmçinn qeyd edib ki, Qərbin Rusiya üzərində tətbiq etdiyi ağır sanksiyalar üzündən bu ölkənin buğda ixracatında bir sıra məhdudiyyətlər yaranmasına səbəb olub.
“Azərbaycanın buğda idxalında Rusiyadan sonra Qazaxıstan və Ukrayna dövlətləri gəlir. Qazaxıstanın özü də ucuz qiymətə buğda və dənli bitkilərin ixracını həyata keçirən ölkələrdən biridir. Orta Asiyada buğda ticarətində Qazaxıstan münasib ölkə idi. Lakin bu ölkədə də daxili problemlər yarandığı üçün buğda istehsalında məhdudiyyətlər tətbiq edilib”.
Azərbaycanda buğda böhranın qarşısının alınması ilə bağlı ciddi tədbirlərin görülməsi labüdlüyünə toxunan Asif İbrahimov, hesab edir ki, Azərbaycan bu sahədə Hindistanı alternativ ölkə kimi görə bilər.
“Hindistanın taxıl anbarlarında iki dəfədən artıq, yəni 30 milyon tona yaxın buğda toplanılıb. Hindistan hökuməti 30-a yaxın ölkəyə buğda tədarükünü həyata keçirəcəyini bəyan edib. Lakin rəsmi Dehli havaların isti olmasını bəhanə gətirərək, buğda ixracatına qadağalar tətbiq etməyə başlayıb. Bu isə hökümətin dünyada qıtlığı yaşanan buğdanı digər ölkələrə baha satmaq məqsədi güdür”.
Sonda iqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda buğdanın qiymət artımına qarşı ciddi tədbirlər həyata keçirilsə də, altı ay ərzində çörəyin qiymətinin bahlaşmasını müşahidə etmək olacaq.
Yunis Abdullayev