Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz” neft-qaz şirkəti bu gün Qara dəniz sahilində mayeləşdirilmiş təbii qaz (LNG) zavoduna birgə investisiyaların əsasını təşkil edəcək memorandum imzalayıblar.
Ednews xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
“Bu gün Azərbaycan və Rumıniya energetika nazirliklərinin, bu layihənin həyata keçirilməsində bilavasitə iştirak edəcək iki milli şirkət - SOCAR və “Romgaz”ın nümayəndələri arasında görüş keçirilib. Böyük maraqla gözlədiyimiz bu layihə həm bizim, həm də Azərbaycan üçün yenidir”, - deyə, Rumıniyanın Baş naziri Nikolae Çuke bildirib.
Qara dənizə sərmayə qoyuluşu ilə bağlı Baş nazir bildirib ki, bu layihənin əsası oktyabrın 1-də Sofiyada keçirilən görüşdən sonra qoyulub.
“Oktyabrın 1-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyimiz ikitərəfli görüşün yekunlarına əsasən, biz Qara dənizdə qazın mayeləşdirilməsi üzrə birgə layihənin həyata keçirilməsinin mümkünlüyünü birgə təhlil etmək barədə razılığa gəldik. Bu gün SOCAR-ın Azərbaycandan olan komandası Rumıniyada mövcuddur”, - deyə N. Çuke qeyd edib.
N.Çuke Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşdən sonra bildirib ki, layihənin reallaşması hər iki tərəfin birgə maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma ilə başlayacaq: “Nəticədə ümid edirik ki, Qara dənizin hər iki tərəfində - qərb və şərq sahillərində iki terminal olacaq ki, biz Böyük Xəzər hövzəsindən qazı Avropaya çatdıra biləcəyik”.