“Manata qarşı hansısa təzyiq kanalları aktiv deyil. Burada 2 amilə xüsusi diqqət etmək lazımdır. Birincisi, ölkəyə daxil olan resurs gəlirləri neft hasilatının azalma tempinə adekvat deyil. Yəni, vaxtı ilə-bir neçə il öncə 50 milyon neft hasil edildiyi halda, hazırda bu rəqəm 30-35 milyon tona düşüb”.
Bu sözləri Ednews-a iqtisadçı ekspert Məmməd Talıblı ilin sonuna kimi manatın məzənnəsində dəyişiklik gözlənilirmi, sualına fikir bildirərkən deyib. O, qeyd edib ki, məntiqlə daha böyük neft gəlirləri əldə edən dövlət indi daha ondan az valyuta daxil olmasına malik olmalı idi. Lakin dünyada neftin qlobal bazarda konyuktur qiyməti bizim gəlirlərimizi əhəmiyyətli sürətdə azaltmayıb. Demək, resurs gəlirlərimiz bizim valyuta tələbəmizi təmin etməyə imkan verib.
“İkincisi, qeyri-neft ixracatında da dünya bazarındakı qiymət bahalaşması səbəbi ilə əvvəlki ildən daha çox vəsaitlərin daxil olmasıyla səciyyələnib. Demək, ölkəmiz üçün manata qarşı təzyiq yarada biləcək şərtlər mövcud deyil. Ona görə xüsusi bir hadisə gözlənilmir. Fikrimcə, hələlik manat sabit qalacaq. Lakin bununla yanaşı manatın dollar qarşısında məzənnə dəyişikliyi olmamasına baxmayaraq, manatın real alıcılıq qabiliyyətində azalmalar davam edib. Xüsusilə mal və xidmətlərin satınalınma səviyyəsində manatın gücü azalıb. Bir il bundan öncə 100 manata ala biləcəyiniz məhsula indi siz daha az məhsul almaq məcburiyyətindəsiniz”.
Oğuz Ayvaz