Azərbaycanda ətin qiymətinin baha olmasının səbəblərindən biri də israfçılıqdır. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Rzayev deyib.
O qeyd edib ki, Azərbaycan özünü qoyun əti ilə 100 faiz, quş əti ilə 85 faiz, mal əti ilə 92 faiz səviyyəsində təmin edə bilir.
Mövzu ilə bağlı Ednews-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, baha olsa da, ətə tələbat varsa, bunu israfçılıq adlandırmaq doğru deyil:
“Tahir Rzayevin açıqlamasında qeyri-dəqiqlik var. Azərbaycan özünü quzu və qoyun əti ilə 100 faiz təmin etmir. Rəsmi statistika da bunu sübut edir ki, biz Rusiya və Gürcüstandan xırdabuynuzlu heyvan alırıq. Hətta Rusiyadan diri heyvan alışı ötən illərlə müqayisədə bir neçə dəfə artıb. Azərbaycanın yerli tələbatı tamamilə ödəməməsi qiymətlərin baha olmasına təsir edən amillərdəndir. Digər tərəfdən, yemin qiyməti, örüş yerlərinin azlığı və s. təsiredici amillər var”.
Oğuz