Bu gündən etibarən Iranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub. Səbəbsə həmin şirkətlərə məxsus məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar olunmasıdır. Qonşu dövlətin ərzaqlıq kartof məhsulları ilə bağlı əsas idxalçılardan olduğunu nəzərə alsaq, problemin daxili bazarda kartof qıtlığı yarada biləcəyi və bunun qiymət artımına gətirib çıxaracağı barədə düşünmək olarmı?
İqtisadçı-ekspert Pərviz Heydərov Ednews-a bildirdi ki, Azərbaycanda kartof istehsalı kifayət qədərdir:
"İrandan Azərbaycana kartof ixracı ilə məşğul olan şirkətlərə qarşı hər hansı bir qadağa ölkəmizdə sözügedən məhsul növü üzrə istehlak bazarında mənfi təsir yarada bilməz. Buna sübut olaraq deyə bilərəm ki, İrandan Azərbaycana ixrac edilən kartof məhsullarına dəfələrlə müvafiq qadağalar tətbiq edilib. Bu hal digər məhsullar üzrə də özünü göstərib, lakin nəticə etibarilə bazarda heç bir problem ortaya çıxmayıb”.
P.Heydərov əlavə edib ki, düzdür, daxili tələbatı ödəməyə imkan vermir, ona görə də bu məhsulun idxalı ilə də məşğuluq:
"Bununla yanaşı, bu sahədə, real olaraq bazarda heç bir təhlükə mövcud deyil və belə bir təhlükənin ortaya çıxacağına da heç bir əsas yoxdur”, – deyə ekspert vurğulayıb.
Oğuz